Hazırda təxminən 2 milyon Azərbaycan vətəndaşı “MyGov” platformasından aktiv istifadə edir.
FED.az xəbər verir ki, bunu İNMerge innovasiya sammitində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
O vurğulayıb ki, insanlar bu platforma üzərindən dövlət xidmətlərinin əksəriyyətinə müraciət edə bilirlər:
“ABŞ-ın dəstəyi ilə yaxın aylarda “MyGov”un biznes versiyasını istifadəyə verəcəyik və bu, sahibkarlara bütün dövlət xidmətlərinə tam çıxış imkanı yaradacaq.
SİMA biometrik tanıma sistemi hazırda 7,3 milyon aktiv istifadəçiyə malikdir. Bununla fəxr edirəm, çünki Azərbaycan bu texnologiyanı gündəlik həyatında aktiv istifadə edən azsaylı ölkələrdəndir.
Son vaxtlar dünya universitetləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Süni İntellekt Akademiyasını yaratdıq. Hazırda yüzlərlə peşəkar süni intellekt mütəxəssisi burada təhsil alır və yaxın illərdə əmək bazarına daxil olacaq. İlk Azərbaycan Süni İntellekt Akademiyası ötən həftə təqdim edildi və cəmiyyətin rəylərinə görə, yaxın illərdə yüzlərlə, bəlkə də minlərlə iş yerini əvəz edəcək”. (Apa)