Fevralın 26-dan martın 1-dək Barselonada Ümumdünya Mobil Konqresi (Mobile World Congress, MWC) keçiriləcək. Mobil cihaz istehsalçıları üçün ən böyük sərgilərdən biri olan bu konqresdə əksər şirkətlər bir qayda olaraq, öz yeniliklərini təqdim edir. Ötən il 100 min ziyarətçini cəlb edə bilən tədbir təşkilatçıları bu il rekordu təzələməyə ümid edir.
Samsung Galaxy S9 və Galaxy S9+
“Samsung” özünün flaqman smartfonlarının növbəti nəslini təqdim edib. Xarici görünüşünə görə əvvəlki modellərdən demək olar heç fərqlənməyən “Galaxy S9” və “S9+” avtomatik olaraq çox parlaq işığa və qaranlığa adaptasiya olunan diafraqmalı kamera, yüksək-asta çəkiliş rejimi (saniyədə 960 kadr) və selfimodzi funksiyası ilə yenilənib. Sonuncu istifadəçinin virtual avatarını yaratmağa, sonradan “emoji” kimi istifadə edib, dostlarla paylaşmağa imkan yaradır. Funksiya “Apple” şirkətinin “iPhone X” modelindəki “Animoji” yeniliyinə cavab olub.
Nokia 8100
“Nokia” brendinin hüquqlarını alan Finlandiya-Çin “HMD Global” konsorsiumu “Matris” filminin qəhrəmanlarının istifadə etdiyi əfsanəvi slayder telefonların yeni versiyasını təqdim edib. Yeni modellər 4G texnologiyasını, “Facebook” və “Twitter” kimi bir sıra populyar proqramları dəstəkləyir, həmçinin enerji ehtiyatı olmadan 25 gün işləyə bilir. Bonus olaraq telefona klassik “İlan” oyunu yüklənib. Cihaz iki rəngdə təqdim edilib: ənənəvi qara və sarı rəngdə. Mobil telefonun təxmini qiyməti 79 avrodur, kütləvi satışı may ayında başlayacaq.
Nokia
“HMD Global” konqresdə həmçinin bir neçə yeni model smartfon təqdim edib. Onlardan ən güclüsü “Nokia 8 Sirocco”-dur. Mobil telefon 5,5 düymlük ekran, “Qualcomm 835” prosessor, 6 qbt-lıq operativ yaddaş və 128 qbt-lıq daxili yaddaşla təchiz olunub. Onun təxmini qiyməti 749 avrodur. Şirkətin digər yenilikləri — “Nokia 6” və “Nokia 7 Plus” — ötən ilki modellərin yenilənmiş versiyasıdır və müvafiq olaraq qiymətləri 280 və 400 avro olacaq. Satışı aprel ayına nəzərdə tutulub.
Android Go
İnkişaf etməkdə olan bazarlarda mövqeyini möhkəmləndirməyə çalışan “Google” şirkəti “Android” əməliyyat sisteminin yüngülləşdirilmiş versiyası olan “Android Go” sistemini buraxıb. Bu sistem “ağır” proqramlarla işləyə bilməyən ucuz smartfonlar üçün nəzərdə tutulub. Yeni əməliyyat sistemi ilə işləyəcək ilk smartfon “Nokia 1” olub: cihaz 4,5 düymlük displey və 5 meqapiksellik kamera ilə təchiz olunub. Aparatın qiyməti 85 dollar təşkil edəcək. “Android Go” üzərində növbəti smartfon “Tempo Go” olub. Mobil telefonu Çinin “ZTE” şirkəti təqdim edib. 5 düymlük displeyə və 5 meqapiksellik kameraya malik cihazın qiyməti 80 dollar olacaq.
“Huawei MateBook X Pro” noutbuku
Çinin “Huawei” şirkəti “Apple” ilə mübarizəsini davam etdirir. Şirkət “Macbook Pro”-a cavabını – “MateBook X Pro” noutbukunu təqdim edib. Metal korpusa və 13,9 düymlük ekrana malik cihaz modelindən asılı olaraq “Intel Core i7” və ya “i5” prosessoru, “NVidia GeForce MX150” videokartı ilə təchiz olunub, 8/16 qbt-lıq operativ yaddaş və 256/512 qbt-lıq SSD-diskə malikdir. “MateBook X Pro” noutbukuna “Windows 10” yüklənib. Satışa çıxarılacağı tarix hələ elan edilməyib.
Vivo Apex
Çinin “Vivo”şirkəti konqresdə orijinal smartfon-konsept nümayiş etdirib. Selfi kamerası ilə təchiz olunan “Apex” modeli frontal çəkiliş rejimində cihazın korpusunda 0,8 saniyə ərzində irəli çıxır. Beləliklə, istehsalçı ön paneldə yerə qənaət etmiş olub. Ön paneli tamamilə 6 düymlük ekran tutur. Birbaşa sensor displeydə yerləşdirilən barmaq izinin skaneri “Apex”-in digər fərqləndirici funksiyasıdır.
Sony Xperia Ear Duo
“Sony” şirkəti yenilənmiş “Xperia XZ2” və “XZ2 Compact” smartfonlarını, həmçinin “Xperia Ear Duo” qulaqlıqlarının təkmilləşdirilmiş versiyasını təqdim edib. Jestlərlə və səslə idarə olunan bu qulaqlıqlar musiqi səsləndirə, yeni məlumat və ya zəng, təqvimdəki hadisələr barədə bildiriş verə bilər. Bundan başqa, ətrafdakı səs-küyü nəzərə alan qulaqlıq xarici şəraitə uyğun olaraq səsi tənzimləyir. İstehsalçının verdiyi məlumata əsasən, “Xperia Ear Duo” cihazının bir dəfə enerji toplaması 4 saat audio-səsləndirməyə kifayət edəcək. Modelin qiyməti və satışa çıxarılacağı tarix hələlik məlum deyil.
xpressa