Azərbaycanda elektronnika və məişət texnikası bazarının yenidən bölünməsi prosesi davam edir.
Azərbaycanın «Optimal» mağazalar şəbəkəsi - GÜRCÜLƏRƏ SATILDI
FED.az xəbər verir ki, bir qədər əvvəl bu bazarda daha bir iri birləşmə baş verib - «Music Gallery» şəbəkəsi ölkənin iri biznes-maliyyə qruplarından olan «Ağa Qrup»a satılıb.
«Ağa Qrup»dan FED.az-a bildirilib ki, əməliyyat 2022-ci ilin dekabrında yekunlaşıb və hazırda «Music Gallery» qrupa məxsusdur.
Qeyd edək ki, «Music Gallery» 1993-cü ildə yaradılıb və Azərbaycanda ilk məişət və elektronika texnikası üzrə mağazalar şəbəkəsi sayılır. Amma sonradan yaranan güclü rəqabət nəticəsində şirkət son illər bazarda mövqelərini itirməyə başlamışdı. Hazırda satış şəbəkəsi cəmi 6 fiziki filial və onlayn satış mərkəzindən ibarətdir. Şəbəkənin «Ağa Qrup» kimi iri investor tərəfindən alınması onun bazarda rəqabət imkanlarını gücləndirməlidir.
Qeyd edək ki, hazırda ölkənin elektronika və məişət texnikası bazarında güclü rəqabət yaranıb. Bazarın lideri olan «Kontakt Home» ilə rəqabət aparmaq üçün bəzi şirkətlər əlavə investorlar cəlb edirlər. Belə ki, Azərbayanda elektronika məhsulları bazarının əsas oyunçularından biri «Optimal Elektronika» mağazalar şəbəkəsi Gürcüstanın «Elit elektroniks» şirkətinə satılıb.
Music Gallery Azərbaycanda Yamaha, Sony, Samsung, AEG, Bosch, LG, Gorenje, Philips, Huawei, Vestel, Sharp, Simfer, Babyliss, Braun, Delonghi, Kenwood, Karcher, Zanussi kimi brendlərinin rəsmi tərəfdaşıdır.
«Ağa Qrup» Azərbaycanda bir sıra sahələrdəki biznesi ilə təmsil olunur - qrupun aqrar sahə (fındıq bağları), maliyyə (City finance BOKT) biznesi, biznes mərkəzləri («Caspian» və « Demirchi Tower» bu şirkətə məxsusdur) biznesi var. Yeri gəlmişkən, «Music Gallery» da «Ağa Qrup»a satıldıqdan sonra baş ofisi « Demirchi Tower» binasına köçüb.
«Music Gallery»nin «Ağa Qrup»un nəzarətinə keçməsi özünü şirkətin elan etdiyi vakansiyalardakı maaşların məbləğində də göstərir. Maaş mövzusunda qənaətcilliyi ilə tanınan «Ağa Qrup»la birləşmədən sonra «Music Gallery» vakansiyalarının bir hissəsi minimum əmək haqqı ilə elan edilir.