"Microsoft" şirkəti Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırmır.
Nazirlikdən “Microsoft”un Azərbaycandakı nümayəndəliyinin bağlanmasına - MÜNASİBƏT
FED.az xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
"Microsoft"un Azərbaycan ofisi bağlanmır və ehtiyac olarsa şirkət tərəfindən açıqlama yayılacaq", - açıqlamada deyilir.
"Microsoft Azərbaycan"dan təxminən 10-a yaxın əməkdaş ixtisar edilib, o cümlədən baş meneceri Qaçay Mirzəyev və bir sıra əməkdaşları şirkətdən ayrılıb. Bildirilir ki, ixtisar edilən əməkdaşlar əsasən Rusiya və Ukraynada icra edilən və hazırda icrası dayandırılan layihələrdə çalışan işçilərdir.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə və bir sıra KİV-lərdə "Microsoft Azərbaycan"ın ölkəmizdəki ofisini bağlaması ilə bağlı məlumat yayılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, Azərbaycanın "Microsoft"la əməkdaşlığı davam edir: “Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırması ilə bağlı səsləndirilən fikirlərlə əlaqədar bildiririk ki, hər bir şirkət fəaliyyət strategiyasını və əhatə dairəsini özü müəyyən edir.
Eyni zamanda diqqətinizə çatdırırıq ki, “Microsoft” nümayəndəliyinin fəaliyyətinin dayandırılması şirkətlə Azərbaycan hökuməti arasında mövcud əməkdaşlığın dayandırıldığını ifadə etmir. Hazırda şirkət tərəfdaşları vasitəsi ilə Azərbaycanın dövlət qurumları və özəl şirkətləri ilə əməkdaşlığını uğurla davam etdirir". (Report)