Xəritəçəkmə və naviqasiya xidməti “HERE” Qarabağ regionu üzrə xəritə dəyişikliklərini özündə əhatə edən data məlumatlarını qəbul edib.
Eləcə də bax: “Apple Maps” Şuşa küçələrinin adlarını əvvəlki adlarla - ƏVƏZLƏDİ
FED.az xəbər verir ki, bu barədə Azərbaycanda xəritə dəyişikliklərinin təşkili üzrə işləri həyata keçirən Türkiyənin “4Maps İnformasiya Texnologiyaları” şirkətindən bildirilib.
“4Maps İnformasiya Texnologiyaları” şirkəti “HERE Global B.V.” şirkətinə müraciə edib və artıq şirkət müraciətə Bəyanat məktubu ilə cavab verib.
Bəyanat məktubunda deyilir:
"Bununla bəyan etmək istəyirik ki, “HERE Global B.V.” şirkəti biznes tərəfdaşı “4Maps İnformasiya Texnologiyaları” şirkətindən “4Maps İnformasiya Texnologiyaları” və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti” tərəfindən birgə yaradılmış Azərbaycan Respublikasının vahid parçası olan Qarabağ regionu üzrə xəritə dəyişikliklərini özündə əhatə edən data məlumatlarını qəbul edib (məktubda “Qarabağ Xəritə Məlumatları” olaraq istinad ediləcək).
“HERE Global B.V.” şirkəti “4Maps İnformasiya Texnologiyaları” ilə əməkdaşlığı və bu əməkdaşlığın sayəsində dəyərli və ən müasir Qarabağ xəritə məlumatlarını əldə etmək imkanını yüksək qiymətləndirir.
Qarabağ Xəritə Məlumatlarının ilin birinci rübün sonu, ikinci rübün əvvəli arasındakı müddətdə (2022-ci il fevralın ortalarından mayın ortalarına qədər) sistemə tam inteqrasiya edilməsi nəzərdə tutulub.
Nəticədə, bir neçə mövcud inzibati səviyyə yenilənəcək və “HERE” xəritə məlumatlarına yeni inzibati qurumlar əlavə olunacaq. Qarabağ Xəritə Məlumatları inteqrasiya edildikdən sonra o, “HERE xəritəsi” -ni baza kimi götürən iyirmidən çox HERE məhsulunda, müxtəlif alət və platforma xidmətlərində (o cümlədən, HERE WeGo, HERE Navigation On-Demand, HERE Xidmətləri (Coğrafi kodlaşdırma və Axtarış, HERE Marşrutlaşdırma, HERE Mövqeləşdirmə), HERE Alətləri (SDK, Analitika, Xidmət və Proqram Yaradılması, Xəritəçəkmə), HERE Places & Points daxil olmaqla, amma sadəcə bunlarla məhdudlaşmayaraq) görünəcək və Azərbaycan Respublikasına aid xəritə məlumatlarından istifadə edən hər bir HERE müştərisinə və tərəfdaşlarına əlçatan olacaqdır". (Marja)