Azərbaycanda məişət-elektronika məhsullarının satışı üzrə aparıcı ticarət şəbəkələrindən olan Maxi.az-ın kredit faizləri məlum olub.
Eləəc də bax: "Optimal Elektronika"nı “Music Gallery” şirkətinə dəyişdi - YENİ TƏYİNAT - FOTO
FED.az-ın monitorinq qrupu Maxi.az-ın satdıbğı bəzi məhsuların satış şərtlərini araşdırıb və kredit faizlərini hesablayıb. Xatırladaq ki, şəbəkədə malları həm müxtəlif bankların (Azərbaycan Beynəlxalq Bankı, «Bank of Baku», «Bank Respublika», «Unibank», «Yapı Kredi Bank Azərbaycan», Kapital Bank) taksit kartları vasitəsilə, həm də mağazanın təqdim etdiyi daxili kreditlə almaq olar.
FED.az-ın hesablaması nəticəsində məlum olub, Maxi.az-da daxili kredit faizlərinin illik dərəcəsi 35-36%-dən başlayır və 68%-dək yüksəlir.
Qeyd edək ki, Maxi.az-ın daxili kreditləri «Emba finance» BOKT vasitəsilə verilir. Yəni bu faiz dərəcələrini müştərilərə «Emba finance» BOKT təqdim edir.
Bununla yanaşı, mağaza müştərilərə məhsulları yüksək faizli daxili kreditlə satarkən, kreditin real faiz dərəcəsini göstərmir, əvəzində «Faiz bahalaşması» göstəricisini təqdim edir.
Məsələn, qiyməti 6304 manat olan soyuducunun daxili kreditlə alınması zamanı
24 aylıq müddətdə aylıq ödəniş 372 manat, illik kredit faizi isə 36% təşkil edir. Nəticədə müştəri mağazaya ümumilikdə 8 920 manat, yəni malın ilkin dəyərindən 2 615 manat artıq məbləğ ödəyir. Hər aya düşən artıq məbləğ 109 manat təşkil edir.
Həmin məhsul 12 aylıq müddətə daxili kreditlə satılanda aylıq ödəniş 630 manat, illik kredit faizi 35% təşkil edir. Mağaza isə məhsulun «Faiz bahalaşması» göstəricisinin cəmi 20% olduğunu göstərir.
Nəticədə müştəri mağazaya ümumilikdə 7 565 manat, yəni malın dəyərindən 1 260 manat artıq məbləğ ödəyir. Hər aya düşən artıq məbləğ 105 manat təşkil edir.
Ən yüksək faiz dərəcəsi malların daha qısa müddətdə – 6 aylıq kreditlə satışı zamanı tətbiq edilir. Göstərilən məhsul 6 aylıq kreditlə satılanda aylıq ödəniş 1 214 manat, illik kredit faizi 52% təşkil edir. Mağaza isə məhsulun «Faiz bahalaşması» göstəricisinin cəmi 15,6% olduğunu göstərir.
Nəticədə müştəri 6 aylıq kreditə görə, mağazaya ümumilikdə 7 285 manat, yəni 985 manat artıq məbləğ ödəyir. Hər aya düşən artıq məbləğ 165 manat təşkil edir.
Göstərilən məhsul 3 aylıq kreditlə satılanda aylıq ödəniş 2 344 manat, illik kredit faizi 68% təşkil edir. Mağaza isə məhsulun «Faiz bahalaşması» göstəricisinin cəmi 11,6% olduğunu göstərir.
Nəticədə müştəri 3 aylıq kreditə görə, mağazaya ümumilikdə 7 033 manat, yəni ilkin dəyərdən 733 manat artıq məbləğ ödəyir. Hər aya düşən artıq məbləğ 244 manat təşkil edir.
Qeyd edək ki, eyni şərtlər, Maxi.az-da satılan digər məişət və elektronika avadanlıqlarında da qüvvədədir. İstisna mobil telefonlar və smartfonlar təşkil edir.
Sözügedən şərtlər nəticəsində Maxi.az-dan daxili kreditlə mal alanlar böyük həcmdə artıq vəsait ödəyirlər. Halbuki, yuxarıda adı çəkilən bankların əksəriyyətinin - Azərbaycan Beynəlxalq Bankı (“Tam kart”), «Bank of Baku» (“Bol kart”), Unibank (“Albalı kart”) və digərlərinin taksit kartları ilə ticarət şəbəkələrindən məhsulları əksər hallarda faiz dərəcəsi olmadan «Embafinance»la müqayisədə daha sərfəli şərtlərlə almaq mümkündür.