Azərbaycanın məşhur riteyl satış saatlarından olan Maxi.az yaxın vaxtlarda mebel ticarətinə başlamağa hazırlaşır. Bu barədə FED.az-a Maxi.az onlaynın inkişaf bölməsinin rəhbəri Qorxmaz Yunusov bildirib.
Xatırladaq ki, Maxi.az hazırda ölkənin ən geniş satış şəbəkəsinə malik olan elektron və məişət texnikası satıcısıdır. Hazırda şəbəkənin 14 maağazası var ki, bunların da biri Gəncə və Sumqayıtda, 12-si Bakıda yerləşir. Şəbəkənin mağazalarından biri onlayn fəaliyyət göstərir.
Q.Yunusovun sözlərinə görə, hələlik onlayn satışlar Maxi.az-ın ümumi dövriyyəsində cəmi 7-8% yer tutur. Ümumilikdə isə satış həcminə görə, onlayn mağaza şirkətdəki mağazalar arasında həcminə görə 3-cü yerdədir. Şirkətin əsas hədəflərindən biri onlayn satış həcmini 20%-ə çatdırmaqdır.
Q.Yunusov bildirir ki, onlayn mağazalarla ən çox satılan məhsullar smartfonlardır. Bəzi hallarda isə onlayn alıcılar məişət texnikası da alırlar. Şirkət təmsilçisinin sözlərinə görə, onlayn və offlayn mağazalar arasında satış məhsulları üzrə fərq demək olar ki, yoxdur. Əksinə, elə məhsullar var ki, həcmi böyük olduğuna görə, onlaynla satılır. Bunlar qabariti böyük olan mallar, məsələn, soyuducular və paltaryuyanlardır.
Onlayn mağazada qiymətlər bir qayda olaraq 5-10% aşağı olur ki, bunu da şirkət nümayəndələri onlayn satışlara diqqəti artırmaq məqsədilə izah edirlər.
Şirkət nümayəndəsinin sözlərinə görə, onlayn satışlarda Maxi.az-ın əsas rəqibləri «Baku Eloktroniks», «İrşad telekom», «Kontakt Home» və «Music Gallery» sayılır.
Yaxın vaxtlarda şirkət satış çeşidini artırmaq niyyətindədir: «Bizim mağazalarımızın biri mebel mağazası ilə yanaşı işləyir. Müşahidələr göstərir ki, məişət texnikası alanlar həm də mebelə və ya əksinə üstünlük verirlər. Bu üsulun digər mağazalarda da tətbiqi barədə fikirləşilir».