Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, bu ölkənin İT sisteminə də ciddi zərər vurmağa başlayıb. Artğq bu ölkədəki İT mütəxəssislər iş və miqrasiya üçün Azərbaycanın İT sektoruna müraciət etməyə başlayıblar.
Eləcə də bax: Rusiyada İnstaqrama giriş bağlandı - YENİ QƏRAR
FED.az xəbər verir ki, bu barədə İT setor üzrə ekspert, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz məlumat verib.
Məsələ bundadır ki, Rusiyanın əvvəllər Mail.ru Group kimi tanınan VK Holdinqi ("Vkontakte" , " Odnoklassniki ", Mail.ru, M.Games və s. servislər daxildir) qiymətli kağızların sahiblərinə ödəniş edə bilmədiyi üçün texniki defoltla üzləşib.
Holdinqin London Fond Birjasında fəaliyyəti Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində 3 mart tarixdən dayandırılıb və hazırda onun bütün öhdəlikləri ödəyə biləcək maliyyə vəsaiti yoxdur.
İstiqraz sahibləri onlara olan bütün borcların vaxtından əvvəl ödənilməsini tələb etsələr, VK-nın bunun üçün kifayət qədər pulu olmaya bilər ki, bu da texniki defoltla nəticələnəcək.
Xatırladıram ki, VK Holdinqin rəhbəri Vladimir Kiriyenkodur (Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur), hansı ki, onun özünə də sanksiya tətbiq edilib.
Eyni zamanda, Amerikanın NASDAQ birjasında Rusiyanın məşhur internet mağazası Ozon.ru və Nyu-York Fond Birjasında da Yandex (1.2 milyard dollar) şirkəti də eyni problemlə üzləşib.
Beləliklə, Rusiyanın rəqəmsal mühiti çökmək üzrədir, bir yandan xarici texnoloji şirkətlər Rusiya bazarını tərk edib, digər tərəfdən də Rusiyanın özünün rəqəmsal şirkətləri iflasla üzləşib.
«Nə qədər tab gətirə biləcəklər, ümumiyyətlə, tab gətirə biləcəklərmi? Bunu da zaman göstərəcək»-deyə O.Gündüz bildirib.