Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında “Lotereyalar haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Eləcə də bax: Virtual lotereyaya dair tələblər - MÜƏYYƏNLƏŞİR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, qanuna dəyişiklik layihəsi dövlət başçısının sərəncamına uyğun olaraq hazırlanıb.
Dəyişiklik layihəsi aşağıdakıları nəzərdə tutur:
lotereyaların təşkili və keçirilməsi sahəsində tənzimləyici orqanın müəyyən olunması və onun fəaliyyət dairəsinin təkmilləşdirilməsi, o cümlədən tiraj komissiyasının üzv ola biləcək şəxslərin siyahısını və onların vətəndaş qüsursuzluğunu təsdiq edən sənədlərin səlahiyyətli orqanla razılaşdırılması prosedurunun müəyyən olunması;
lotereyanın uduş fondunun yuxarı həddinin (80 faizdən çox ola bilməməsi tələbinin) aradan qaldırılması və bir tirajın uduş fondunun oynanılması nəticəsində həmin uduş fondunun udulmamış hissəsinin növbəti tirajda oynanılmasının nəzərdə tutulması;
lotereya şərtlərinin təkmilləşdirilməsi, lotereyanın təşkili və keçirilməsi, habelə onun şərtlərində dəyişiklik edilməsi ilə bağlı müddətlərə yenidən baxılması (müddətlərin optimallaşdırılması);
lotereya biletində nəzərdə tutulmalı bir sıra məlumatların lotereya təşkilatçısının internet səhifəsində əks olunması;
virtual lotereyanın təşkili və keçirilməsinin hüquqi əsaslarının yaradılması;
lotereyanın dayandırılması və onun keçirilməsinə xitam verilməsi əsasları və qaydasının təkmilləşdirilməsi.
Qeyd edək ki, dəyişikliklər Mülki Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə, Cinayət Məcəlləsi, Vergi Məcəlləsi, “Bədən tərbiyəsi və idman haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Atçılıq haqqında”, “Reklam haqqında”, “Dövlət satınalmaları haqqında”, “Telekommunikasiya haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) “Lotereyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb.