Əsasən işgüzar insanlar üçün nəzərdə tutulan (Azərbaycanda onun təinatını bir qədər dəyişiblər) «LinkedIn» sosial şəbəkəsində yayılan postların yarıdan çoxu süni intellekt, botlar tərəfindən yazılıb.
FED.az xəbər verir ki, bu barədə aparılan araşdırmalar göstərir. «Ola bilər ki, siz səhər öz LinkedIn lentinizi marafon qaçışının biznesə necə müsbət təsir etməsi barədə 500 sözlük müdrik yazı ilə açırsınız. «Wired»ə görə, emoji, çiçəkli sifətlərlə dolu olan bu post sadəcə bir bot tərəfindən yazılmış ola bilər»-deyə araşdırmada deyilir.
Məqalənin orijinal versiyasını (ingiliscə) buradan oxumaq olar.
Son zamanlar süni intellektdən istifadə o qədər geniş hal alıb ki, artıq yazını adam, yoxsa süni intellekt, yəni bot tərəfindən yazılmasını ayrıd edən startaplar yaradılır.
Belə startaplardan biri – «Originality AI» süni intellekt aşkarlama startapının təhlilinə əsasən, ingilis dilində dərc olunan daha uzun LinkedIn yazılarının 54%-dən çoxu böyük ehtimalla süni intellekt tərəfindən yaradılıb.
«Originality AI» bu qənaətə 2018-ci ilin sonundan 2024-cü ilin oktyabrınadək tarixlər arasında LinkedIndə 100-dən çox söz uzunluğunda olan 8 795 postu araşdırandan sonra gəlib.
Təhlil göstərib ki, LinkedIndə süni intellektin yaratdığı məzmunun miqdarı 2023-cü ilin əvvəlində 189% artıb, bu həqiqətə oxşayır, çünki ChatGPT təxminən həmin tarixlərdə işə düşüb.
«LinkedIn» özü bu məsələlərə qarışmır, yəni saytda süni intellekt alətlərinin istifadəsini izləmir, şirkət bildirir ki, yalnız aşağı keyfiyyətli və ya dublikat məzmunu müəyyən edir və onun geniş şəkildə yayımına mane olur.
Əksinə, LinkedIn özü istifadəçilərinə Aİ-dən istifadə imkanı yaradır. «LinkedIn Premium» istifadəçiləri bir düyməni basmaqla məzmunlarını dəyişdirməyə imkan verən öz AI alətini təklif edir.
«LinkedIn»də süni intellektin yaratdığı məzmunlar o qədər də diqqəti cəlb etməsə də, AI tərəfindən yaradılan məzmunlar digər sosial şəbəkələri «partladır».
«Facebook» və «İnstagram»ın sahibi, «Meta»nın rəhbəri Mark Zukerberq bildirib ki, süni intellekt əsasında yaradılan və AI tərəfindən ümumiləşdirilmiş məzmun Facebook, Instagram və Threads-də getdikcə daha çox yayılacaq. Təkcə «Meta»nın öz AI chatbotundan hər ay 500 milyondan çox adam istifadə edir.
Süni intellekt tərəfindən yaradılan postlar hələlmik narahatlıq doğurmasa da, ekspertlər bildirir ki, bu üsul sosial şəbəkələrin lazımsız və keyfiyyətsiz məlumatlarla «zibillənməs»nə səbəb olacaq. Daha pis odur ki, belə hallar dezinformasiyaya səbəb ola bilər.
Hərçənd, populyar «LinkedIn» istifadəçiləri mətnlərin bütünlüklə süni intellekt tərəfindən yaradılmasını təkzib edirlər. Onların fikrincə, bəzi hallarda hazır postlar Aİ vasitəsilə korporativ stilə uyğunlaşdırılır, və ya başqa dildə yazılan postlar maksimum keyfiyyətli olması üçün süni intellekt tərəfindən tərcümə edilir və sair.
Hələliksə, ən pis məqam odur ki, süni intellektin yaratdığı postlar daha çox marağa səbəb olur. «Facebook»da süni intellektlə yaradılmış şəkillər yüz milyonlarla baxış toplayır. Stanford İnternet Observatoriyasının Cyber Policy hesabatına görə, süni intellekt tərəfindən yaradılan şəkil 2023-cü ilin 3-cü rübündə 40 milyon baxışla Facebook-da ən çox baxılan 20 yazıdan biri olub.