“Kontakt” mağazalar şəbəkəsinin ötən ay “Uşaqların Müdafiəsi Günü” ərəfəsində başlatdığı “1 oyuncaq, 1 sevinc” adlı sosial layihəsi uğurla tamamlanıb. Layihə çərçivəsində ötən ay “Kontakt Home” mağazalarında qoyulan xüsusi qutulara həm mağaza ziyarətçiləri, həm də şəbəkənin əməkdaşlarının köməyilə ümumilikdə 300-dən çox oyuncaq toplanılıb.
Həm yeni, həm də ikinci əl oyuncaqlar əvvəl yararlılıq səviyyəsinə görə sortlaşdırılıb, daha sonra tamamilə dezinfkesiya olunub və ən nəhayət Lənkəran rayonunun ucqar dağ kəndləri olan Diryan, Gəgiran, Jidi, Moloja, Haftarion və Tatoba kəndlərində yaşayan 150-dən çox uşağa hədiyyə edilib.
"Kontakt" mağazalar şəbəkəsinin nümayəndələrinin iştirak etdiyi sosial aksiyaya azyaşlılarla yanaşı, onların valideynləri də rəğbət göstərib.
“Bugünkü tədbirdə biz balacalara oyuncaqları, onlar isə bizə gülüşlərini bağışladılar. Birlikdə xoş vaxt keçirdik. “1 oyuncaq, 1 sevinc” layihəsinə öz qatqısını əsirgəməyənlərə, xüsusən oyuncaqlarını bu layihəyə bağışlayan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Onlar bizə oyuncaq, biz isə onların köməyilə birlikdə ucqar dağ kəndlərinə sevinc daşıdıq.” – deyə “Kontakt” mağazalar şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vəfa Rüstəmova bildirib.
Pozitiv emosiyalarla zəngin Lənkəran səfərindən olan videohesabatı buradan izləyə bilərsiniz:
Qeyd edək ki, “Kontakt – Sevindirir” şüarına sadiq qalan şəbəkə mütəmadi olaraq öz sosial məsuliyyət layihələri ilə Azərbaycanın müxtəlif bölgələrində pozitiv dəyərlər yaradan sosial layihələr həyata keçirir.