II Qarabağ müharibəsinin ilk günlərindən aktiv vətənpərvərlik layihələri ilə seçilən “Kontakt Home” mağazalar şəbəkəsi bu dəfə Qarabağda erməni vandalizmi nəticəsində dağıdılan tarixi-mədəni irs abidələrinin bərpasına öz töhfəsini verəcək. Bu barədə şirkətdən məlumat verilib.
Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuz xalqın sonsuz dəstəyi ilə tarixi uğurlara imza ataraq 30 ilə yaxındır davam edən Qarabağ həsrətini cəmi 44 gün ərzində bitirdi. Birliyimiz əsasında qazanılan tarixi Zəfər nəticəsində hazırda erməni işğalçılarından azad edilən Qarabağ torpaqlarında da Azərbaycan bayrağı dalğalanır.
Zəfərimiz bizi nə qədər sevindirsə də, son 30 il ərzində Dağlıq Qarabağ və ətraf ərazilərdə erməni vandalizmi nəticəsində dağıdılmış 1000-ə yaxın həm yerli və regional, həm də beynəlxalq əhəmiyyətli dini, tarixi, mədəniyyət abidələrinin indiki vəziyyəti hər bir azərbaycanlını olduqca məyus edir.
Dəymiş zərərin aradan qaldırılması məqsədilə “Kontakt Home” mağazalar şəbəkəsi dağıdılan tarixi-mədəni irs abidələrinin bərpası və qorunmasında öz töhfəsini verəcək. Artıq bununla bağlı şirkət tərəfindən aidiyyəti qurum və təşkilatlara müraciət ünvanlanıb.
Eyni zamanda Kontakt Home digər şirkət və sahibkarları da bu təşəbbüsə qoşularaq qədim Qarabağ torpağında mədəni irsin bərpasın üçün öz maddi və mənəvi dəstəyini əsirgəməməyə çağırıb.
Qeyd edək ki, Kontakt Home Vətən müharibəsi qazilərinin müalicəsinə, şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılmasına, eyni zamanda hərbiyə yollanmış şirkət əməkdaşlarının ailələrinə dəstək istiqamətində ümumilikdə 500 000 manatdan yuxarı maddi yardım edib. Həmçinin, şəhid ailələrinin, əmək qabiliyyətini itirmiş müharibə qazilərinin şəbəkəyə olan borclarını ləğv edib, müharibə iştirakçılarının aktiv borclarını dondurub.