Ölkənin ən böyük elektronika brendlərindən olan Kontakt Home mağazalar şəbəkəsi bütün müştərilərinin aylıq ödənişlərinə 1 aylıq güzəşt edib.
Eləcə də bax: “Optimal Electronics” öz müştərilərinə - GÜZƏŞT ETDİ
FED.az xəbər verir ki, bu barədə şəbəkənin rəsmi sosial şəbəkə hesablarında məlumat verilib.
“Artıq uzun müddətdir ki, şirkət “Müştəri güzəşt proqramı” çərçivəsində müştəri müraciətlərini fərdi araşdırır və onlara aylıq ödənişlərlə bağlı güzəştlər tətbiq edirdi. Təkcə mart ayı ərzində ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar iş yerlərini itirmiş, ödəniş qabiliyyəti məhdudlaşmış minlərlə müştərinin aylıq ödənişlərinə güzəşt tətbiq edərək 1 aylıq uzadılmışdı”-deyə şirkətdən bildirilib.
Karantin rejiminin sərtləşdirilməsi və əhalinin gəlir yerinin azalması ilə əlaqədar olaraq şirkət bu güzəşt proqramını hər kəs üçün açıq edib. Başqa sözlə, bütün müştərilərin aylıq ödənişlərinə aprel ayı üçün 1 aylıq güzəşt müddəti tətbiq olunacaq və həmin müddətdə ödənilməyən borclara görə hər hansı gecikmə hesablanmayacaq.
Qeyd edək ki, “Kontakt Home” bir qədər əvvəl “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 50 min manat vəsait ayırmışdı. Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əsasən, martın 29-dan etibarən ölkədəki bütün ticarət obyektləri kimi, Kontakt Home mağazaları da yerində xidməti müvəqqəti dayandırır. Şirkət sifarışləri yalnız onlayn qəbul edəcək.