Muxtar respublikada tikinti-quruculuq işlərinin geniş vüsət alması, abadlıq tədbirlərinin həyata keçirilməsi şəhər və rayonların simasını başdan-başa dəyişir.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən
FED.az-a verilən xəbərə görə, muxtar respublikanın digər rayonları kimi Şahbuz rayonunda da hər bir sahədə inkişaf tempi artır. Aparılan abadlıq və quruculuq işləri çərçivəsində əhalinin müasir rabitə xidmətləri ilə əhatə olunması istiqamətində işlər davam etdirilir. Rayonun Kolanı kəndində rabitə xətlərinin yenilənməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahənin inkişafına göstərilən dövlət qayğısını özündə əks etdirir. Kənddə aparılan quruculuq işləri çərçivəsində rabitə xətt təsərrüfatında təmir işləri aparılıb. Bu məqsədlə 22 ədəd dəmir rabitə dirəyi basdırılıb, 800 metr fiber-optik xətt və 2700 metrdən artıq kabel çəkilib, o cümlədən 1 ədəd paylayıcı şkaf və 30 ədəd yeni abonent qutusu quraşdırılıb.
Qeyd edək ki, Keçili kəndində də aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri çərçivəsində rabitə xətlərinin texniki normalara uyğunlaşdırılması məqsədilə 4 ədəd dəmir dirək basdırılıb, 150 metrə yaxın fiber-optik kabellər çəkilib, 120 metr müxtəliftutumlu kabellərdən istifadə edilib.
Şahbuz rayonunun yaşayış məntəqələrində rabitə infrastrukturunun müasirləşdirilməsi istiqamətində reallaşdırılan tədbirlər rabitə və internet xidmətlərinin tam kəsintisiz həyata keçirilməsinə şərait yaradacaqdır.