Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatların əldə olunması ilə bağlı müraciətlər “Keyfiyyət portalı” (e-keyfiyyet.gov.az) vasitəsilə elektron qaydada qəbul ediləcək.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən FED.az-a bildirilib ki, Azərbaycanda texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahəsində rəqəmsallaşmanın təşkili məqsədilə cari ilin aprelin 1-dən “Keyfiyyət portalı” (e-keyfiyyet.gov.az) real rejimdə istifadəyə verilib. İlkin mərhələdə portal vasitəsilə ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin, ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatların, yoxlama və kalibrlənmə nişanlarının, yararsızlıq haqqında bildirişlərin verilməsi, o cümlədən ləğv edilməsi, inspeksiya orqanının rəylərinin verilməsi, sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair protokolun verilməsi və digər aidiyyəti xidmətlər elektronlaşdırılıb.
May ayından etibarən isə "Keyfiyyət portalı"na daha bir xidmət əlavə olunur. Belə ki, mayın 1-dən etibarən ölçmə vasitələrinin idxalı və ya dövriyyəsi ilə məşğul olan, o cümlədən onları istismar edən fiziki və hüquqi şəxslər standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunması üçün “Keyfiyyət portalı” vasitəsilə müraciət edə bilərlər.
Müraciətlərin elektron qaydada edilməsi sahibkarlara gömrük rəsmiləşdirməsi zamanı prosedurların sürətli həyata keçirilməsi və xidmətdən qısa müddətdə yararlanmaq imkanı təmin edəcək. Sertifikatların verilməsi “Bakı KOB evi”ndə ənənəvi qaydada həyata keçiriləcək.
Qanunvericiliyə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahələrdə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi ölçmələrin obyektiv, etibarlı və müqayisə edilə bilən nəticələrinin əldə edilməsinə xidmət edir. Tip təsdiq edilərkən onların dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipi 5 il müddətinə verilən sertifikatla təsdiqlənir.