Koronavirus pandemiyası ilə əlaqədar geriləmə ilə üzləşən Azərbaycanın turizm sektoru bərpa yoluna qədəm qoyub: Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-aprel aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,2% artaraq 493,1 min nəfər təşkil edib.
FED.az xəbər verir ki, bu tendensiya ölkənin turizm rəsmiləri tərəfindən də təsdiqlənir. Belə ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) aparıcı eksperti Rəhman Quliyevin sözlərinə görə, Azərbaycanın turizm sektoru sürətlə pandemiyadan əvvəlki dövrə qayıdır.
Banklar adından uduş kampaniyaları barədə saxta reklamlar paylaşılır - FOTO
Ancaq yayda artan təkcə turist axını deyil. İstirahətə gedənlər uçuş və otel sifariş etdikcə, insanların tətilə olan həvəsindən sui-istifadə etmək istəyən fırıldaqçıların sayı da artır.
FED.az xəbər verir ki, Kaspersky şirkətinin məlumatına görə, təcavüzkarlar otel sifarişi və aviabilet satışı xidmətləri adı altında çoxsaylı fişinq səhifələri yaradır və yayırlar. Saxta sifariş xidmətlərində qonaqpərvər ev sahibləri haqqında cəlbedici təsvirlər və hekayələr ola bilər ki, bu da insanları şirnikləndirir və nəticədə qazanan təkcə fırıldaqçılar olur.
“Azərbaycanda zərərli e-poçtların sayı davamlı olaraq yüksək həddədir: cari il ərzində həllərimiz linklərə klikləməklə və ya istifadəçi məlumatları üçün böyük təhlükə yarada bilən proqram təminatının quraşdırılması ilə səciyyələnən təxminən 140 000 mesaj aşkar edib.
Qeyd etmək lazımdır ki, “tətil fişinqi” xüsusilə cəlbedici ola bilər, çünki istifadəçilər aktiv şəkildə sərfəli tur paketlər axtarırlar. Təcavüzkarlar isə bu “alovlu” istəkdən xəbərdardırlar və onu öz xeyirlərinə çevirmək üçün vaxt itirmirlər”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Səyahətlər mövsümündə fırıldaqçılığın artması bazar ekspertləri tərəfindən də təsdiqlənir. “İnformasiya texnologiyalarının inkişafı, eləcə də onlayn bilet bron etmək və almaq imkanları fonunda turistlərə qarşı kiberhücumlar da artıb. Turistlərlə ünsiyyətdə biz tez-tez aviabiletləri, otellərin bronlaşdırılmasını və digər səyahət məhsullarını ucuz qiymətə təklif edən müxtəlif onlayn resurslarının geniş yayılması ilə əlaqədar şikayətlər almağa başlamışıq. Xüsusən də, turistlər şəxsi məlumatları və bank kartı məlumatlarını daxil etməyə sövq edilir ki, nəticədə onlar nəinki aldadılır, hətta çıxılmaz vəziyyətə düşürlər”, - deyə ATAA-nın aparıcı eksperti Rəhman Quliyev öz növbəsində qeyd edib.
"Mən həm ölkədən gedən, həm də ölkəyə gələn turistlərə müraciət edirəm və onları ayıq-sayıq olmağa, yalnız sertifikatlı turizm agentləri ilə əməkdaşlığa və yalnız bazarda özünü sübut etmiş onlayn resursların xidmətlərindən istifadə etməyə çağırıram. Nəticədə istirahət ərzində keyfiyyətli və problemsiz xidmət əldə edə biləcəklər", - deyə Quliyev əlavə edib.
Səfərinizi təhlükəsiz planlaşdırmaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:
- istifadəçi adı və şifrə (parol) kimi həssas məlumatları daxil etməzdən əvvəl ünvan hissəsinə diqqətlə baxın. Ünvanın linki şübhəlidirsə (məsələn, orfoqrafiya orijinala uyğun gəlmirsə və ya hərflər əvəzinə xüsusi simvollar görünürsə), sayta məlumatlarınızı daxil etməyin. Şübhəniz varsa, linkin sol tərəfindəki kilid işarəsinə klikləməklə vebsaytın sertifikatını yoxlayın;
- otel və biletləri yalnız etibarlı saytlarda bron edin və ən yaxşı seçim olaraq saytın ünvanını əl ilə daxil edin;
- naməlum mənbələrdən (elektron poçt, messencerlər və ya sosial şəbəkələr) gələn keçidlərə klikləməyin;
- poçta gələn və ya sosial şəbəkələrdə aldığınız endirimlər haqqında məlumatı şirkətin rəsmi saytında yoxlayın və cəlbedici təklif yer alan elanın yönləndirdiyi linkləri diqqətlə yoxlayın;
- Kaspersky Standard kimi anti-spam və anti-fişinq xüsusiyyətlərinə malik etibarlı həllərdən istifadə edin.