Hal-hazırda ölkədə vençur investisiya fondlarının yaradılması məsələsi beynəlxalq tendensiyalara və ekosistemin ehtiyaclarına uyğun şəkildə ardıcıl təhlil olunur.
Azərbaycanda yeni vençur maliyyələşmə şirkəti yaradılıb
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib.
Qeyd edilib ki, yaxın dövrdə bu sahədə beynəlxalq əməkdaşlığın və yeni investisiya fondlarının aktiv şəkildə inkişafı gözlənilir:
“Startaplar üçün infrastruktur, maliyyələşmə yolları və bazara çıxış imkanlarının artırılması əsas prioritetlərdir. Eyni zamanda bu ilin sentyabr ayında “INMerge” İnnovasiya Sammitində “White Hill Capital” fondu ilə birlikdə ölkəmizdə “Tumar Ventures” adlı yeni vençur maliyyələşmə mexanizminin yaradıldığını elan edildi və təsis sazişi imzalandı. "Tumar Ventures "un nizamnamə kapitalı 1 milyon ABŞ dolları təşkil edir və ilkin olaraq İRİA tərəfindən maliyyələşdiriləcək. İlkin mərhələdə 1 milyon ABŞ dolları vəsait qoyuluşu nəzərdə tutulur və bu istiqamətdə müvafiq danışıqlar aparılır”.
Eyni zamanda indiyədək agentliyin dəstəyi ilə fəaliyyət göstərən vençur fondları tərəfindən layihə və startaplara investisiya yatırımlarından da bəhs edilib. Bildirilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi qabaqcıl dünya təcrübəsini və Azərbaycandakı ekosistemin ehtiyaclarını təhlil edərək fəaliyyətini beş sütun üzərində formalaşdırıb:
“Startaplar üçün infrastruktur, maliyyələşmə və bazar əlçatanlığına dəstək göstərilməsi, eyni zamanda, ekosistem daxilində insan kapitalı və innovasiya mədəniyyətinin inkişaf etdirilməsini qeyd edə bilərik. Beləliklə, bizim ekosistem quruculuğuna baxışımız bu beş fundamental prinsipi ehtiva edir.
Startapların maliyyələşmə resurslarına çıxışı istiqamətində isə 2022-ci ildə Agentliyimizin dəstəyi ilə yaradılmış “Caucasus Ventures” fondu bugünədək 30-a yaxın startapa dəstək göstərib”.
Bundan başqa, xarici vençur kapital fondlarının Azərbaycana marağını artırmaq üçün hansı təşviq mexanizmləri və hüquqi islahatlar üzərində görülən işlər də açıqlanıb. Vurğulanıb ki, xarici vençur kapital fondlarının Azərbaycana marağını artırmaq üçün əsas iki istiqamətdə fəaliyyət göstərilir: “Birincisi, qanunvericiliyin təkmilləşdirilməsi və vençur maliyyələşməsi üçün lazımi hüquqi bazanın formalaşdırılmasıdır. Burada biz aidiyyəti dövlət qurumları ilə birgə qanunvericilik üzərində iş aparırıq. Agentlik bu sahədə son üç il ərzində işləyir və müvafiq qanunvericilik aktlarının yenilənməsi, investorlar üçün şəffaf və əlverişli mühitin yaradılmasına fokuslanıb.
İkincisi, beynəlxalq konfranslar və tədbirlər təşkil edilir və qlobal əlaqələr qurulur. Bu istiqamətdə də agentlik aktiv işləyir, dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə beynəlxalq səviyyəli innovasiya sammitləri və tədbirlər keçirilir. Məsələn, Azərbaycanda təşkil olunan “INMerge Innovation Summit” və digər tədbirlər uğurlu nümunə sayıla bilər”.
“Ayrıca, qarşılıqlı investisiya təşviqi modeli çərçivəsində, hazırda agentliyin iştirakı ilə kapital yerləşdirmə mexanizmi işlədilir. Bunun bariz nümunəsi kimi Qazaxıstan əsaslı “WhiteHill Capital” vençur fondunun Azərbaycanda fəaliyyət göstərən “Tumar Ventures” MMC ilə birlikdə hər Azərbaycan mənşəli innovativ layihələrə investisiya etdiyi 1 dollara qarşılığında Qazaxıstan fondu tərəfindən 2 dollar investisiya edilməsi misal göstərilə bilər.
Agentlik bu sahədə fəaliyyətlərini növbəti illərdə də davam etdirməyi planlaşdırır və xarici investorlar üçün daha açıq və effektiv mexanizmlər üzərində işləyir”, - deyə məlumatda qeyd edilib. (Trend)









