İKT sahəsinin inkişafı məqsədilə bu il İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən beynəlxalq məktəblərin Azərbaycana gətirilməsi planlaşdırılır.
FED.az xəbər veir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva jurnalistlərə açıqlaması zamanı deyib.
Ötən il Holberton Məktəbi, ondan öncəki il isə Technion universiteti ilə razılaşma əldə edilib. Bu il isə əlavə iki beynəlxalq İT məktəbin Azərbaycana gətirilməsi planlaşdırılır.
"Azərbaycan Kibürtəhlükəsizlik Mərkəzinin genişləndirilməsi nəzərdə tutulub. Yəni, daha çox insana məşğələlər keçiriləcək. Eyni zamanda, müəssisə rəhbərləri üçün kibertəhlükəsizlik sahəsində maarifləndirmə işlərinin aparılması planlaşdırılır. Həmçinin 2023-cü ildə yaradılmış yerli kibertəhlükəsizlik məhsulunun üzərində işlərin tamamlanması və yerli şirkətlərə təqdim olunması planlaşdırılır. Bu Azərbaycan üçün çox böyük irəlləyişdir. Çünki kibertəhlükəsizlik məhsulunun yaradılması kifayət qədər çətindir. İnnovasiya ekosistemində digər məsələlər yeni strtapların yaradılmasıdır. Biz birbaşa olaraq startapların özünə dəstək vermirik, ekosistemi inkişaf etdiririk, mühiti yaradırıq, xaricdən Azərbaycana inkubatorlar və akseleratorlar gətiririk . Yerli inkubator, akselerator proqramlarına dəstək oluruq.
Bu ilin sonunadək 115 minimum işlək məhsulun yaradılması nəzərdə tutulub, bu 115 startap və yaxud 1 startapda bir neçə MVP (məhsul) ola bilər. Hazırda 220 startap var Azərbaycanda, ancaq onların 120-130-nun minimum işlək məhsulu var. Bu o deməkdir, onların məhsulu və satışı var. Qalanların çoxu universitet tələbələridir və onların startapları ideya mərhələsindədir. Ancaq qeyd edim ki, ideya mərhələsində olan startaplar beynəlxalq reytinqlərdə startap kimi qəbul olunmur.
İnvestisiya ekosisteminim inkişaf etdirilməsi bizim üçün prioritetlərdən biridir. Hazırda Azərbaycanda bir fond var, ikincinin yaradılması üzərində iş gedir.
Eyni zamanda, mələk investorlar klublarının sayının artması və orda olan investorların aktivləşdirilməsi bizimçün vacibdir. Hazırda Caucasus vençur fond fəaliyyət göstərir. Bu il ikinci fondun yaradılması üzərində iş gedir. Azərbaycanda xarici fondların, regional fondların açılması və bizim də ora investor kimi qoşulmağımız planlaşdırılır. Bu vəsaitin böyük hissəsinin məhz Azərbaycanda olan və ya azərbaycanlı xaricdə həmtəsisçi olan startaplara yatırılması planlaşdırılır.
2024-cü olan ən prioritet məsələlər bir sıra qanunvericilik aktlarının qəbul olunmasıdır ki, bu ümumi rəqəmsallaşmanın sürətini artıracaq, həmdəki müəyyən standartlar qoyacaq ki, rəqəmsallaşma hansı şəkildə baş verməlidir. "Mygov" platformasının aprel ayında işə düşməsi planlaşdırılır. Sənədlərində hüquqi əsası olması həmin qanunvericilik aktlarının sırasındadır. Ümid edirik ki, Milli Məclisin yaz sessiyasında bu məsələlərə baxılacaq" - deyə İnarə Vəliyeva vurğulayıb.