Texnoloji iş adamı, bir sıra qabaqcıl layihələrin müəllifi İlon Mask elan edib ki, qarşıdakı br neçə ildə süni intellktlə işləyən robotlar daha bir sahədə insanlardan daha üstün olacaq, bu – tibbi cərrahiyyədir.
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, iş adamı iddia edir ki, yaxın gələcəkdə tibbi cərrahiyyə əməliyyatları edə bilən robotların sayı sürətlə artacaq, və onların peşəkarlıqları yüksələcək.
Onun sözlərinə görə, «Tesla»nın istehsal etdiyi «Optimus Tesla» kimi insanabənzər robotlar sürətlə bacarıqlarını artırırlar və tezliklə mürəkkəb cərrahiyyə əməliyyatları da edə biləcəklər.
Ümumiyyətlə, «Tesla»nın sahibi iddia edir ki, qarşıdakı illərdə ənənəvi tibb və səhiyyə sistemi tamamilə dəyişəcək, qabaqcıl süni intellekt cihazları mürəkkəb analizlərdən tutmuş cərrahiyyə əməliyyatlarına qədər hər şeyi bacaracaqlar. Bu dövrdə tibbi təhsil və elmi dərəcələr də əhəmiyyətini itirəcək, çünki robotlar insandan fərqli olaraq yorğunluq bilmədən sabit və səhvsiz işləyə biləcəklər.
İlon Mask iddia edir ki, robot cərrahların səhvə yol vermək ehtimalı insan cərrahlardan qat-qat aşağıdır. Nəticədə indiki cərrahlar yerlərini süni intellekt robotlarına nəzarət edənlərə verəcəklər.
Bununla yanaşı, tibbi ekspertlər və texnologiya mütəxəssisləri Mask-ın bu proqnozlarına ehtiyatla yanaşırlar. Onların fikrincə, səhiyyədə insan faktoru təkcə texniki əhəmiyyət daşımır, buradakı çoxsaylı qeyri-standart vəziyyətlər və sağlamlıq böhranlarında insanlar robotlardan daha üstündürlər.
Üstəlik avtomatlaşdırılmış tibb və ya cərrahiyyədə təminat və təhlükəsizlik, eləcə də bu mövzunun hüquqi tərəfləri açıqdır. Məsələn, robotun əməliyyatından sonra insan vəfat edərsə, onun məsuliyyətinin kimin üzərində olacağı məsələsi açıq qalır.
Hazırda süni intellekt bəzi cərrahi əməliyyatları edir, amma bunlar tamamilə insanların nəzarəti altında baş verir. Süni intellekt diaqnostikada (məsələn, şəkillərin təhlilində) çox bacarıqlıdır, amma mürəkkəb cərrahiyyədə (toxuma hissi, qəfil qərarlar, etika) insanlardan hələ çox geri qalır.
Tibb ekspertləri bildirir ki, İlon Maskın proqnozları yalnız 10-20 ildən sonra reallaşa bilər.










