Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransı davam edir. FED.az xəbər verir ki, sentyabrın 12-dək davam edəcək beynəlxalq tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinin tərkibində nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplar təmsil olunurlar.
Sərgidə ölkəmiz Milli Pavilyonla iştirak edir. Pavilyonda Azərbaycanda İKT sahəsində əldə edilən nailiyyətlər, innovativ xidmətlər, tətbiqlər və həllər nümayiş olunur.
“AzInTelecom” MMC-nin DATA Mərkəzi nəzdində “Azcloud” bulud provayderi tərəfindən sərgidə bir sıra bulud həlləri təqdim olunub. Ziyarətçilərə “proqram təminatı xidmət kimi” modeli ilə “TrendMicro”, “Deep Security” təhlükəsizlik həlləri və “VEEAM” nəzdində rezervlənmə xidməti kimi məhsullar haqqında ətraflı məlumat verilib.
Sərgidə iştirak edən gənc proqramçılar “AzInTelecom” MMC-nin sosial yönümlü “Azcloud Hackathon” layihəsi haqqında məlumatlandırılıb. Onlar 2020-ci ilin 3-cü rübündə Bakıda keçiriləcək “Azcloud Hachathon 2020” yarışmasına dəvət olunublar.
İnnovasiyalar Agentliyi sərgiyə dörd startapla qatılıb. “Virtual cərrahiyyə”, “Kuleko”, “Wexplain”, “Vriendly” startapları Azərbaycanın Milli Pavilyonunda nümayiş etdirilir. Həmçinin bu startaplar Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya (Global SME Award) yarışmasına da qatılıb.
İnnovasiyalar Agentliyi sərgi iştirakçılarını həm də öz fəaliyyəti, qrantlar, mübadilə proqramları, Biznes İnkubasiya və Akselerasiya Mərkəzi, regionlarda aparılan iş, eləcə də uğurlu startaplar və layihələr haqqında ətraflı məlumatlandırır.
Sərgidə xarici şirkətlər ilə əməkdaşlıq imkanları, xarici startapların, layihələrin və investorların Azərbaycana cəlb olunması, onlar üçün yaradılan imkanlar və prosedurlar barədə müzakirələr aparılır.
Beynəlxalq sərgidə Məlumat Hesablama Mərkəzi də öz layihələrini ziyarətçilərə təqdim edir. MHM-in stendi sərgi iştirakçıları tərəfindən yüksək maraqla qarşılanır. Stenddə nümayiş etdirilən məhsullar haqqında daha ətraflı məlumat çatdırmaq üçün ziyarətçilərə ingilis dilində kataloqlar da təqdim edilir.
Tədbir çərçivəsində ölkəmizin milli telekommunikasiya operatoru olan “Aztelekom”la bir sıra beynəlxalq operatorlar arasında əməkdaşlıq barədə fikir mübadiləsi keçirilir. Eyni zamanda regionlarda yeni texnologiyaların tətbiqi üzrə vendor şirkətləri ilə danışıqlar aparılır, təqdimatlar keçirilir.
Ölkəmizin Milli Pavilyonunda “Azercell” şirkəti də stendlə təmsil olunub. “Azercell” sərgi iştirakçılarını özünün yeni brend kimliyi və rəqəmsallaşma strategiyası, “4G” şəbəkəsinin ölkə boyu sürətlə genişləndirilməsi sahəsində nailiyyətləri, eləcə də biznes qurumları və fərdi istifadəçilər üçün təqdim etdiyi geniş çeşidli innovativ xidmətləri ilə tanış edir.
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbir “Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq” şüarı altında keçirilir. “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətinin artırılmasını təmin etmək məqsədilə hökumətlər və təşkilatların əməkdaşlığını artırmaqdır.