İKT

İT-də karyera və beynəlxalq sertifikatlar (1-ci məqalə)

İT-də karyera və beynəlxalq sertifikatlar (1-ci məqalə) | FED.az
09:53 27 Avq 2019

Bu məqalə 2 hissədən ibarət olacaq. Birinci hissədə İT sahəsinə başlayanlar və ya universitetdə İT fakültəsində təhsil alanlar üçün karyera məsləhətləri olacaq, ikinci hissədə isə sistem inzibatçılığı istiqamətində beynəlxalq sertifikatlar haqqında yazacağam. Bu hissələrdə nələr haqqında danışacağımızı müəyyən etdikdən sonra başlayaq bu hissələr haqqında ətraflı yazmağa. İlk öncə özümüz üçün karyera xəritəsi  hazırlamalıyıq.Bu xəritə sizə hədəflərinizi və planlarınızı xatırladacaq. Eyni zamanda bu xəritəyə baxaraq hal-hazırda bu xəritənin hansı hissəsində olduğunuzu müəyyən edəcəksiniz.Bununla yanaşı həm də növbəti hədəfi, planı izləyə biləcəksiniz. Ona görə də xəritəni daim əlinizin altında saxlayın.

Karyera xəritəsini hazırlayarkən ilk öncə nə etmək istədiyinizə qərar verin. Bunu təyin etmək üçün özünüzü tanımalısınız. Bilik, bacarıqlarınıza və həvəsinizə baxıb karyera xəritənizi hazırlayın.Karyera xəritəsinin özündə zamanlar təyin edin, yəni 6 ay, 1 il , 2 ildən sonra qarşınızda hansı hədəflər və planlar var. Çalışın təyin etdiyiniz bu zamanlara sadiq qalasınız. Özünüzdə bu dəqiqliyi formalaşdırın. Daha sonra hansı istiqamətdə işləmək və inkişaf etmək istəyirsinizsə, o sahəni seçin.

Özünüzə sahə və ya istiqamət seçərkən aşağıdakı suallara cavab tapmağa çalışın. Bu suallara özünüz də əlavələr edə bilərsiniz.

1.Hansı sahələr marağımı çəkir?

2.Mənfi və müsbət tərəfləri nələrdir?

3.Bu istiqaməti seçdikdən sonra indiki bilik və bacarıqlar kifayət edəcəkmi? Başqa hansı bilik və bacarıqlara ehtiyac olacaq?Bunları qazanmaq çətin olmayacaqki?

4.Təxmini maaş aralığını müəyyən edin

5.İş imkanları hansı səviyyədədir?

Özünüzün zəif və güclü tərəflərinizi müəyyən edin.Bunları təyin etmək asan deyil.Çünki insan həmişə özünü müdafiə edir.Buna görə də çalışın özünüzə qarşı dürüst olun.Çünki zəif və güclü tərəflərinizi müəyyən edərək, zəif tərəflərinizi aradan qaldırmaq, güclü tərəflərinizi isə inkişaf etdirmək lazımdır.Bunu müəyyən edərkən ətrafınızda etibar etdiklərinizin də fikirlərini öyrənin. Sosial şəbəkələr üzərindən və ya şəxsən sizin sahədə olanlarla tanış olub, məsləhətlərini və fikirlərini öyrənin.Bununla yanaşı özünüzə hər zaman məsləhətləşə biləcəyiniz və fikirlərini öyrənə biləcəyiniz mentor seçin. Özünüz də boş oturmayıb, internet üzərindən araşdırma aparıb, müxtəlif məqalələri oxuyun, yenilikləri izləyin, seminarlara qatılın, bu seminarlarda müxtəlif insanlarla tanış olun. Daim özünüzü inkişaf etdirin. Seçdiyiniz sahəyə aid təlimlərə qatılıb, billiklərinizi inkişaf etdirin. Sahənizə aid beynəlxalq sertifikatlar əldə etməyə çalışın.Mütləq əlavə dil bilikləri öyrənin. Danışığınızı, nitq qabiliyyətinizi inkişaf etdirin.Komandada işləmə, insanlarla ünsiyyət qurma, kütlənin qarşısında çıxış etmək bacarıqlarınızı formalaşdırın. Yenilikçi, təşəbbüskar olun.Nəzərə alın ki, hal-hazırda rəqabət daha güclüdür.Buna görə də işə götürənlər biliklərinizlə yanaşı həm də sizin digər xüsusiyyətlərinizi də qiymətləndirirlər.Bunlarla yanaşı ilk olaraq haradasa təcrübə keçəməyə çalışın. Təcrübə keçdikdən sonra sahənizə aid yerdə az maaşla da olsa bir işə başlayan. İlk əvvəllər maaş haqqında o qədər düşünməyin. Zaman keçdikcə zatən layiq olduğunuz dəyəri hiss edəcəksiniz və bunu da digərlərinə hiss etdirəcəksiniz. Amma bir şeylər əldə etmək üçün ilk öncə əziyyət çəkmək lazımdır. Unutmayın ki, bunlar müvəqqəti çətinliklərdir.

Sizə təcrübə keçməyə və ya işə başlamağa “CV” lazım olacaq.Tələbələrdən və müxtəlif insanlardan “CV” qəbul edib, onları incələyərkən həqiqətən bununla bağlı çox problemin olduğunu görürəm. Əfsuslar olsun ki, çox insanlar buna önəm vermir. “CV” məsələsinə çox ciddi yanaşın və hazırlanmasına xüsusi diqqət sərf edin. Nəzərə alın ki, bu sizin ilk tanıtımınızdır. Çalışın ki, “CV”-niz dolğun və dürüst olsun. Sizin “CV”-niz elə olmalıdır ki,  baxan şəxs və ya şəxslər sizin haqqınızda tam və dolğun məlumatı əldə edə bilsin. “CV”-nizə mütləq biliklərinizi, bacarıqlarınızı, keçdiyiniz təlimləri, hətta yaxşı olar ki, referans olaraq mentor bildiyiniz, təlimlərində iştirak etdiyiniz, dürüstlüyü, ədaləti ilə tanınan şəxsi əlavə edin. “CV”-ni göndərərkən də bir məktubda 5-10 şirkətə göndərməyin. Bu çox qeyri ciddi görsənir. Çalışın ki, məktubları ayrı-ayrı göndərəsiniz ki, qarşı tərəf onlara hörmətsizlik edilməsini düşünməsinlər. Digər diqqət etməli olduğunuz məqam bütün şirkətlərə göndərdiyiniz “CV”-lərdə məlumatların eyni olmasıdır. Hər zaman çalışın ki, iki dildə “CV”-niz olsun. Azərbaycan dilində və ikinci dil olaraq ingilis dili ola bilər. Şirkətlərə göndərərkən də hər ikisini göndərin. Nəzərə alın ki, heç də hər kəs ingilis dilində bilmir. Bəlkə də sizin “CV”-nizin yazıldığı dili bilmədiyi üçün kənarlaşdırdı. Bundan başqa iki dildə “CV” göndərməyiniz sizin üçün əlavə xaldır ki, necə diqqətli və ehtiyatlı olduğunuzu göstərir. Çox önəmli olan “CV”-lərin adlarının yazılması məsələsidir. Bu zaman da çalışın ki, “my_cv”, “cv_eng” və.s tipli “CV”lər göndərməyin. Nümunə üçün “Ad_Soyad_AZ”, “Ad_Soyad_ENG” istifadə edə bilərsiniz  Əgər, görüşə dəvət aldısınızsa, mütləq görüşə getməmişdən əvvəl şirkət haqqında məlumat toplamağa çalışın. Şirkət nümayəndəsinə onların şirkətləri haqqında məlumatlı olmağınız xoş olacaq. Şirkətlərə müraciət edərkən, nə iş olsa görərəm düşüncəsi ilə yanaşmayın. Müraciət etdiyiniz vakansiya haqqında ətraflı məlumat almağa çalışın. Görüşə getməmişdən əvvəl mütləq biliklərinizi təkrarlayın. Görüşə gedərkən isə özünüzlə dəftərcə və qələm götürün, verəcəyiniz sualları ora qeyd edin, eyni zamanda söhbət əsnasında sizin üçün önəmli olan məqamları da qeyd etməyi unutmayın. Bu da sizin nə qədər məsuliyyətli olduğunuzu göstərəcək. Görüşdən sonra isə mütləq əlaqə saxlayıb, sizin haqqınızda rəylərini öyrənməyə çalışın. Belə əsaslandırın ki, zəif tərəflərinizi müəyyən edib, onları aradan qaldırmaq istəyirsiniz. Bu isə sizin heç kəsə görə yox, öz hədəf və planlarınıza görə hərəkət etdiyinizi və motivasiyadan düşmədiyinizi göstərir.

Hər zaman özünüzə yatırım edib, inkişaf etməyə çalışın. Əmin olun ki, müəyyən vaxtdan sonra bunların hamısı sizə geri gələcək.Atamın çox bəyəndiyim bir sözü var. İstəyirəm bu sözlə məqaləni yekunlaşdırım: “Ən gözəl yatırım, insanın özünə etdiyi yatırımdır”.

Ümid edirəm ki, yararlı məqalə oldu.

Yazar: Fərhad KƏRİMOV | MCTS, MCITP, MCP, MCSA, CCNA, MCT, VCP, EMCISA, MVP

Mənbə: frhd.

Digər xəbərlər