İpoteka və Kredit Zəmanəti Fondunun (İKZF) “Elektron Hökumət” portalı üzərindən təqdim etdiyi elektron xidmətlərdən SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə istifadəni təmin etmək məqsədilə qurumlar arasında müzakirələr aparılmaqdadır.
SİMA mobil tətbiqinin yenilənməsi ilə qeydiyyat prosesi - DAHA DA RAHAT OLDU
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-dən bildirib.
Məlumata görə, hazırda e-gov.az portalında şirkətin yaratdığı SİMA yeni nəsil rəqəmsal imza ilə 12-si dövlət qurumu olmaqla 70-dən çox müəssisənin inteqrasiyası davam edir: "Bir müddət öncə həyata keçirilən “Elektron Hökumət” portalına inteqrasiya nəticəsində vətəndaşlar SİMA rəqəmsal imza ilə “e-gov.az” portalına daxil olaraq 37 qurum tərəfindən təqdim edilən elektron xidmətlərə giriş imkanı əldə ediblər. Həmçinin “myGov” şəxsi kabinetinə SİMA ilə daxil olaraq fərdi məlumatlarını əldə edə bilərlər. Hazırda vətəndaşların “e-gov.az” portalında təqdim edilən hər bir elektron xidmət üzrə SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə xidmət əldə etməsi məqsədilə müvafiq qurumlarla inteqrasiya işləri davam etdirilir".
Xatırladaq ki, İKZF-nin kreditləşməsi məqsədi ilə bu il banklara ayırdığı limitlər yanvarın 24-də aktivləşdirilsə də, ipoteka krediti üzrə müraciətlər çox olduğu üçün müraciət sistemində nasazlıq yaranıb. Mütəxəssislər nasazlığı "ASAN İmza" sisteminin çökməsi ilə əlaqələndirir. Fond isə açıqlama yayaraq bəyan edib ki, ipoteka kreditləri üzrə müraciətlərin sayının əvvəlki dövrlə müqayisədə daha çox olmasını nəzərə alaraq “Elektron ipoteka və kredit zəmanət” sistemindən istifadənin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə əlavə tədbirlər görülməkdədir. Bununla əlaqədar ipoteka kreditləri üzrə müraciətlərin qəbulu prosesi qısa müddətə təxirə salınıb.
Xatırladaq ki, SİMA Azərbaycanda "ASAN İmza"nın alternativi olan elektron imzadır.