İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) həyata keçirdiyi “Akselerasiya və mentorluq potensialının gücləndirilməsi" proqramına yekun vurulub.
FED.az xəbər verir ki, universitet tələbələri və müəllim heyəti üçün nəzərdə tutulan proqram çərçivəsində startaplar və startaplar üçün mentorluq fəaliyyəti göstərən şəxslərə təlimlər keçirilib. Koreyalı təlimçilərin iştirakı ilə 11 startap komandası və 20 mentor proqramı uğurla başa vurub. Təlimlər Dövlət İdarəçilik Akademiyasında keçirilib.
Proqramın keçirilməsində məqsəd ölkənin startap ekosistemində sağlam innovasiya mühitini formalaşdırmaq, rəqabət qabiliyyətini gücləndirmək və yeni ekosistem oyunçularının bazara daxil olmasını təşviq etməkdir.
Tədbirin sonunda Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov layihə iştirakçılarını təbrik edərək bunu Azərbaycan tələbələri və müəllimləri üçün perspektiv baxımından yaxşı imkanlar açacaqlarını diqqətə çatdırıb.
Koreyadan gəlmiş təlimçilər layihənin mahiyyəti və gənclərlə iş zamanı keçdikləri yoldan danışıb. Onlar gənclər üçün bu tipli layihələrin davam edəcəyini bildirib.
Agentliyin nümayəndələri proqramın mahiyyəti, gənclərə faydası və sözügedən layihə çərçivəsində Koreya ilə əməkdaşlığın perspektivlərindən söz açıb.
Yekunda proqram iştirakçılarına koreyalı təlimçilər tərəfindən diplom və sertifikatlar təqdim olunub.
Universitet kollektivi, proqram iştirakçıları, koreyalı təlimçilər birlikdə xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə 26 yanvar 2023-cü il tarixində start götürmüş “Akselerasiya və mentorluq potensialının gücləndirilməsi" proqramı SAP (startup akselerasiya proqramı) və TTT (Təlimçilərin təlimi proqramı) olmaqla 2 hissədən ibarətdir.Təlimlər çərçivəsində ekosistemdə mövcud olan startapların inkişafına töhfə verəcək sürətləndirmə proqramı keçirilib. Eyni zamanda Asiya startap ekosisteminin xüsusiyyətləri və metodları öyrədilib. Proqramın digər hissəsi olan TTT (Təlimçilərin təlimi proqramı) çərçivəsində isə Azərbaycan universitetlərində çalışan müəllim və rəhbər şəxslərə startap mentorluğu təlimi keçirilib.