Bakcell şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinə dəstək göstərir. “Qlobal Məqsədlər” verilişinin növbəti buraxılışında dayanıqlı inkişaf məqsədlərinə nail olmaq işində inklüziv təhsilin rolu müzakirə ediləcək.
Bütün uşaqlar kimi, əlilliyi olan uşaqların da öz bacarıqlarını inkişaf etdirmək və arzularını reallaşdırmaq üçün keyfiyyətli təhsilə ehtiyacları var. Əlilliyi olan uşaqların cəmiyyətə töhfə verə biləcəyi bir çox sahə var və inklüziv təhsil bu potensialı ortaya çıxarmaqda açar rolunu oynayır. Lakin bütün dünyada əlilliyi olan uşaqlar məktəbdən və diqqətdən kənarda qalma ehtimalı ən yüksək olan insanlar arasındadır. İnklüziv təhsil sistemləri isə uşaqlara məktəbə getmək və öyrənmək üçün bərabər şans verir ki, bu da onların öz təhsil hüquqlarını və tam potensiallarını reallaşdırmasına imkan verir.
Bu həftənin qonaqları UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təhsil üzrə mütəxəssisi Leyla Həsənova, Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların müdafiəsi idarəsi xüsusi təhsil şöbəsinin müdiri Anar Xələfov və 138 saylı məktəbin direktoru Mirfaiq Mirheydərlidir.
Veriliş “ASAN Radio”da 23 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedəcək. Verilişin təkrarı 25 aprel (saat 11:05-də) və 27 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.
“Qlobal Məqsədlər” radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Qeyd edək ki 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.
Aprel ayı ərzində Bakcell şirkətinin dəstəyilə “ASAN Radio”da (100FM) 5 veriliş efirə veriləcək.
Özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində Bakcell şirkəti əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquqların və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlmiş bir çox layihələrə dəstək göstərir. Bu layihələrin bir hissəsi uşaq inkişaf mərkəzləri və inklüziv təhsil müəssisələrinə xüsusi olaraq əlilliyi olan uşaqlar üçün hazırlanmış kompüter və digər avadanlıqlarının təmin edilməsini əhatə edib. Bu günə qədər Bakcell “SOS Uşaq Kəndləri”, “Save the Children” və “Azərbaycana Birgə Yardım” kimi təşkilatlarla birgə həyata keçirilmiş lahiyələr vasitəsilə minlərlə uşağa dəstək göstərib. Bakcell inanır ki, “Hər bir uşaq bir ulduzdur!” və bərabər hüquqlara malik olmağa layiqdir!
İnklüziv təhsil bu potensialı ortaya çıxaracaq
17:52
20 Aprel 2018