Məşhur milyarder, “SpaceX” kompaniyası və tviter sosial platformasının sahibi İlon Mask maraqlı bəyanatla çıxış edib. O bildirib ki, bu ilin sonuna qədər tviteri idarə etmək üçün yeni baş direktor tapmaq və səlahiyyətlərini ona təhvil vermək istəyir.
“Twitter” marixuananın reklamına - İCAZƏ VERİB
FED.az xəbər verir ki, Dubayda keçirilən Dünya Hökumət Sammitində videokonfrans formatında çıxış edən İlon Mask bu addımı “Tviteri sabitləşdirdikdən və maliyyə vəziyyətinin sağlam olmasına tam əmin olduqdan sonra” atacağını deyib. "Yəqin ki, bu ilin sonuna doğru şirkəti idarə edəcək başqa birini tapmaq üçün konkret addım atılacaq. Düşünürəm ki, həmin müddətədək tviter sabit vəziyyətdə olacaq", -deyə o əlavə edib.
Milyarder ötən ilin dekabrında tviterin icraçı direktoru vəzifəsindən istefa verəcəyini bildirib. Maskın sosial şəbəkədəki platformada təşkil etdiyi sorğuda milyonlarla istifadəçi onun vəzifəsindən kənarlaşmasına səs vermişdi. Buna cavab olaraq, Mask zarafatla yazmışdı ki, o, “işi öz üzərinə götürəcək qədər axmaq birini tapan kimi istefa verəcək!”
Mask, həmçinin bəyan edib ki, icraçı direktor vəzifəsindən istefa verdikdən sonra tviterdə proqram və server komandalarını idarə edəcək və bu, şirkətin qərarlarının çox hissəsi üzərində nəzarəti davam etdirə biləcəyi anlamına gəlir.
Planetin ən uğurlu biznesmenlərindən biri olan Maskın icraçı direktor kimi fəaliyyəti dünyanın ən nüfuzlu sosial media şirkətləri sırasında lider mövqeyini tutan tviterdə geniş, həm də qeyri-sabit dəyişikliklərə səbəb olub. Onun nizamsız qərarlarının yeni bir əlaməti olaraq, “Pathmatics” analitik firmasının “Sensor Tower” tərəfindən əldə etdiyi məlumatlar göstərdi ki, sentyabr ayında tviterin ən yaxşı 1000 reklamçısının yarısından çoxu artıq yanvarın ilk bir neçə həftəsində bu platformada pul xərcləmir. (Azərtac)