Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə işlər davam etdirilir. Dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
Daha bir dövlət qurumu İT resurslarını - “HÖKUMƏT BULUDU”na köçürür
FED.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu xidmətini əldə edib.
Agentlik informasiya sistemlərini qismən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus “E-Təbib” mobil tətbiqinin virtual serverləri də Data Mərkəzində yerləşdirilib.
Həmçinin Dövlət Agentliyi məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə (BaaS-Backup as a Service) bulud xidmətindən yararlanıb. Agentlik mütəxəssislərinin bu xidmət daxilində təqdim edilən funksionallıqları “Veeam” platforması vasitəsilə çevik və sadə formada idarə etməsi təmin edilib.
Bu platforma İT sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiya edən qurumların virtual maşınlar üzrə məlumatların ehtiyat nüsxələrini planlaşdırılmış şəkildə tənzimləməyə, həmçinin datanın dənəli, yəni hissə-hissə nüsxələnməsinə imkan yaradır. Eyni zamanda, “Veeam” platformasından istifadə edərkən buludda rezervlənmiş məlumatları rahat və çevik şəkildə bərpa etmək mümkündür.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Bunlarla yanaşı, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.