Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.
Siyahıdan ləğv edilən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə rəisləri, Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi rəisinin müavini və departament rəisləri çıxarılıb, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisləri, Xidmətin Milli Qvardiyası komandanının birinci müavini daxil edilib.
Eyni zamanda siyahıya Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisləri və Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin idarə rəisləri də daxil edilib.
Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından isə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin vəzifəli şəxsləri çıxarılıb, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidməti üzrə aşağıdakı vəzifəli şəxslər daxil edilib:
- idarə rəislərinin müavinləri;
- müstəqil şöbələrin rəisləri;
- Milli Qvardiya komandanının müavinləri.
Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti üzrə isə siyahıya aşağıdakılar daxil olunub:
- baş idarə rəislərinin müavinləri;
- idarə rəisləri və onların müavinləri;
- müstəqil şöbələrin rəisləri.
Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi üzrə aşağıdakı şəxslər siyahıda yer alıb:
- idarə rəislərinin müavinləri;
- müstəqil şöbələrin rəisləri.