Kaspersky şirkəti insanların insan bədəninin qabiliyyətlərini təkmilləşdirən və mövcud məhdudiyyətlərin (məsələn, biyonik protezləri) öhdəsindən gələn texnologiyalardan (məsələn, çiplər və implantlar) istifadə barədə nə düşündüklərini öyrənmək üçün beynəlxalq bir sorğu* keçirib.
Eləcə də bax: "Uçan maşınlar adi maşınları nə vaxt əvəz edəcək?" - Sualına Cavab!
FED.az xəbər verir ki, respondentlərin demək olar ki yarısı (46.5%) hər kəsin müasir ixtiraların köməyi ilə öz bədənini dəyişdirmək hüququna malik olduğuna inanır.
Sorğuda iştirak edənlərin yalnız 12%-i bədənlərində mexaniki və ya elektron komponentlər gəzdirən insanlarla işləməyin əleyhinə olduğunu bildirib. Səbəb isə mümkün narahatlıqdır, çünki bu cür texnologiyalar xüsusi üstünlüklər təmin edə bilər.
Respondentlərin üçdə birindən çoxu (39%) təkmilləşdirici texnologiyaların istifadəsinin gələcəkdə bərabərsizlik və ya qarşıdurmaya səbəb ola biləcəyindən qorxur. Demək olar ki, hər iki nəfərdən biri (49%) həm adi insanların, həm də implant və ya çipli insanların yaşayacağı bir cəmiyyət fikri ilə bağlı nikbin və hətta həvəslidir.
Respondentlərin üçdə birindən çoxu təkmilləşdirici texnologiyalardan istifadə etmək istəyənləri hər zaman anlayışla qarşıladıqlarını və 17%-i isə bu cür insanların mövcudluğunu qəbul etməyin on il əvvələ nisbətən indi daha asan olduğunu söyləyir.
Hər iki nəfərdən biri (51%) bədəninə implant cihazlar yerləşdirilmiş insanlarla şəxsən qarşılaşıb. Ümumiyyətlə, respondentlərin 24%-i orqanizmə texnoloji müdaxilə fikrini cəsarətli hesab edir. Sorğuda iştirak edənlərin demək olar ki yarısı (45%) belə bir şəxslə görüşə getməyə razı ola biləcəyini, 5.5%-i isə artıq belə bir görüşdə olduğunu söyləyib.
“Öz bədənimizin məhdudiyyətlərini aşmağa və qabiliyyətlərini təkmilləşdirməyə imkan verən texnologiyalara maraq artır. Əlbəttə ki, hər bir innovasiya sahəsində olduğu kimi burada da risklər var. Araşdırmamız göstərir ki, bu cür cihazlar kiber təhdidlərə qarşı həssasdır. Gələcəkdə bu texnologiyaların bəşəriyyətin həyatını yaxşılaşdıracağına inanırıq, amma bunun üçün bu gün onların mümkün hücumlara qarşı davamlı olması üçün çalışmalıyıq. Hökumətlər, sənaye liderləri, kiber təhlükəsizlik mütəxəssisləri birlikdə etibarlı bir gələcək qurmaq üçün güclərini birləşdirməlidir,”- deyə Kaspersky-nin Rusiya tədqiqat mərkəzinin rəhbəri Maria Namestnikova bildirib.
Bir ailə üzvünə tibbi səbəblərdən belə bir müdaxilə tələb olunduğu təqdirdə, əgər söhbət bionik qoldan gedərsə, respondentlərin 38%-i bunu sakit qarşılayacağını, 37%-i isə eyni reaksiyanı mövzunun biyonik bir ayaq olacağı təqdirə göstərəcəyini bildirib. Respondentlərin təxminən üçdə biri (29,5%) öz şəxsi fikrindən asılı olmayaraq, qohumunun texnologiyanı qeyri-tibbi səbəblərdən öz bədəninin imkanlarını təkmilləşdirmək üçün tətbiq etmə qərarını dəstəkləməyə hazırdır.
“İmplantların, süni orqanların və bionik protezlərin hazırlanması sahəsi hazırda başlanğıc mərhələdədir. Əvvəllər bu istiqamət yalnız klassik səhiyyəyə əlavə olaraq inkişaf etmişdisə, bu gün ayrı bir istiqamət olaraq seçilməyə başlayır. Fikrimizcə, gələcəkdə bu, tibbin əsas tendensiyalarından biri olacaqdır. Bununla belə, məqsəd bir qədər fərqli olacaq - nəinki kompensasiya etmək, həm də keyfiyyəti yaxşılaşdırmaq və ömrü uzatmaq,” - deyə Motorika şirkətinin həmtəsisçisi və baş icraçı direktoru İlya Çex bildirib.
«İndi bu istiqamət bütün dünyada inkişaf edir. Üstəlik, investisiya və cəmiyyətə texnoloji töhfə baxımından ən perspektivli sahələrdən biridir. Bu, cəmiyyətin simasını və böyük ehtimalla sosial quruluşunu əhəmiyyətli dərəcədə dəyişdirəcək bir seqmentdir. Buna görə də bu cür texnologiyaların yaradılması ilə məşğul olan şirkətlər inkişaflarını mümkün qədər rəvan həyata keçirməlidirlər. Bu səbəbdən də, yəqin ki, kəskin bir sıçrayış olmayacaq, bir gün sadəcə bu cür texnologiyaların artıq hər yerdə istifadə edildiyini və hər kəsin bu və ya digər implantlara sahib olduğunu görəcəyik».
*Sorğu Kasperksy-nin sifarişi əsasında Atomik Research şirkəti tərəfindən 2021-ci ilin mart ayında aparılıb. Sorğuda Asvtriya, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya və Böyük Britaniyadan 6500 nəfər iştirak edib.