Azercell-in ev sahibliyi etdiyi konfrans Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirdi
Bu gün Beynəlxalq GSM Assosiasiyasının (GSMA) Azərbaycanda sayca ikinci “GSMA M360 Eurasia” konfransına start verilib. Ötən il olduğu kimi, bu il də Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən tədbir telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini öz ətrafında toplamağa müvəffəq olub.
Tədbirin açılışı Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun, Beynəlxalq Telekommunikasiya İttifaqının MDB üzrə regional direktoru Natalia Moçunun, rabitə sahəsində Regional Birliyin baş direktoru Aleksey Borodinin, GSMA-nin Tənzimləmə üzrə baş direktoru və Mobil Texnologiyaların İnkişaf Fondunun prezidenti Сon Custinin, eləcə də digər yüksək vəzifəli şəxslərin iştirakı ilə baş tutub. Konfrans “Rəqəmsal texnologiyaların gücü” mövzusuna həsr olunub.
Tədbirin ilk günündə rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılıb, süni intellektin müxtəlif sahələrə təsiri, bağlantı ekosistemindəki siyasətlər və digər mövzularda maraqlı məruzələr və panel iclasları yer alıb.
Konfransın Rəqəmsal DNT (Digital DNA) mövzusuna həsr olunmuş sessiyasında Azercell prezidentinin baş müşaviri Okan Cimen gələcək nəsillərin inkişaf edən iş bazarına uğurlu adaptasiyası haqqında danışıb: “Digər bazar iştirakçıları kimi, bu mövzu Azercell üçün də olduqca önəmli və aktualdır. Müasir dövrdə texnologiyaların böyük sürətlə yenilənməsi, sənayenin dinamik inkişafı bir telekom şirkəti üçün böyük imkanlar təqdim etməklə yanaşı, qarşısında yeni çağırışlar da qoyur. Bu şərtlərdə lider mövqeyimizi saxlamaq üçün fəaliyyətimizdə ən qabaqcıl texnologiyaları və innovativ həlləri tətbiq etməliyik. Yalnız güclü insan kapitalına sahib olduğumuz halda məqsədimizə nail olacağımızı bilirik. Məhz bu səbəbdən əməkdaşlarımızın inkişafı üçün davamlı şəkildə zəmin yaratmağa çalışırıq. Təkcə 2023-cü il ərzində Azercell insan kapitalının inkişafına 1.3 milyon ABŞ dolları sərmayə yatırıb. İnanıram ki, konfransda səsləndirilən yenilikçi ideyalar və uğurlu təcrübələr ölkəmizdə bu istiqamətdə görülən işlərin daha da səmərəli şəkildə təşkil edilməsinə öz töhfəsini verəcək”.
Qeyd edək ki, bu il konfransa Microsoft, Google, Amazon Web Services, Word Bank, e& International, Beeline, Vodafone Group, Turkcell, East Telecom və digər beynəlxalq şirkətlərin rəhbər heyətindən məruzəçilər qatılıb. İki gün davam edəcək tədbirin növbəti günündə ətraf mühit, sosial və idarəetmə (ESG) prinsipləri, yaşıl texnologiyalar, yeni nəsil şəbəkələr, kibertəhlükəsizlik və digər mövzular haqqında danışılacaq.