"Google" şirkəti bu ilin aprelində fəaliyyətini dayandıran "Google+" sosial şəbəkəsi əvəzinə, "Shoelace" adlı yeni layihəni istifadəyə verib. FED.az-ın məlumatına görə, "ICTnews" Elektron Xəbər Xidməti www.vesti.ru resursuna istinadən yazır ki, "Area 120" eksperimental laboratoriyasının ərsəyə gətirdiyi servis kino, konsert və digər tədbirlərə getmək üçün yaxınlıqda yaşayan insanları tapmağa imkan verən hiperlokal sosial şəbəkədir.
Hazırda "Shoelace" xidmətindən yalnız Nyu-Yorkda istifadə mümkündür. "Android" və "iOS" əlavələrinin yüklənilməsi üçün istinadlar layihənin saytında yerləşdirilib, lakin onlara keçid dəvət əsasındadır.
Mütəxəssislərin sözlərinə görə, "Shoelace" oxşar maraqlara malik digər insanlarla ünsiyyət qurmağa kömək edir. İstifadəçilər iştirak etmək istədikləri hadisə və aktivlik üzrə öz siyahılarını yarada və ora dostlar və tanış olmayan insanları dəvət edə bilərlər. Bundan əlavə, sosial şəbəkə hamının qoşula biləcəyi açıq tədbirlər seçimi təklif edir.
Qeyd edək ki, "Google" əvvəllər də oxşar layihələr işə salıb. Məsələn, 2011-ci ildə fəaliyyətə başlayan "Schemer" birgə səfərlər üçün ərazi üzrə qonşular tapmağa imkan verib. Lakin layihə 2014-cü ildə bağlanılıb.
"Google+"un əvəzinə - SHOELACE
15:23
13 İyul 2019