“Google” şirkəti sahibkarlar və bloggerlər üçün ödənişli onlayn tədbirlər xidmətini işə salıb. Qeyd edildiyi kimi, yeni xidmət Fundo platformasında həyata keçiriləcək.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “The Verge” məlumat verib.
Tədbir keçirmək üçün öncə onun növünü seçmək lazımdır (chat, görüş, master-klass), sonra tarix və saatı, o cümlədən biletin qiymətini təyin edirsiniz. İstifadəçi saytda bütün tədbirlərin siyahısını görür, bəyəndiyini seçir və təşkilatçıya pul köçürərək, tədbirdə iştirak etmək hüququnu qazanır. Ümumilikdə tədbirdə maksimum 30 nəfər iştirak edə bilər.
Qeyd edək ki, bütün ödənişlər təşkilatçının hesabına tədbir sona çatdıqdan sonra köçürülür. Bundan əlavə, təşkilatçının iştiraketmə qaydalarını pozan istifadəçiləri blok etmək hüququ var.
Fundo bilet satışından 20% komissiya tutur.
Xatırladaq ki, Fundo platforması Arena 120 inkubatorunun layihələrindən biridir. Ona oxşar bir xidmət “Facebook” tərəfindən 2020-ci ilin avqustunda təqdim olunub.