Şirkət istifadəçilərə rahat xidmət və onların məlumatlarını reklamçılara satmamağı vəd edir.
“Google” şirkəti maliyyə xidmətləri bazarına çıxmağı və bank hesablarını idarə etmək üçün yeni tətbiq işə salmağı planlaşdırır. FED.az Banker.az-a istinadən məlumat verir ki, bu haqda “The Wall Street Journal” yazır.
“Cache” adlı layihənin istifadəyə verilməsi 2020-ci ildə planlaşdırılıb. Şirkət “Citigroup” və Stenford Universitetinin kredit ittifaqı ilə tərəfdaşlıq edir.
CNBC-dən verilən məlumata görə, istifadəçilər hesablarını “Google Pay” sistemi vasitəsi ilə idarə edə biləcəklər. Maliyyə əməliyyatlarının həyata keçirilməsi, hesabların yoxlanılması və tənzimləyicilərlə əlaqələrin qurulması tərəfdaş bankların öhdəliyindədir. Yeni xidmətin ödənişli və ya ödənişsiz olacağı barədə məlumat yoxdur.
“Google” istifadəçilərin nə qədər qazandığını, hansı hesabları ödədikləri və harada alış-veriş etdikləri barədə məlumat toplayacaq. “Juniper Research” şirkətinin tədqiqatçıları qeyd edirlər ki, 2020-ci ildə “Google Pay” istifadəçilərinin sayı 100 milyona çatacaq. Xatırladaq ki, 2018-ci ildə bu rəqəm 39 milyon olmuşdur (“Apple Pay” istifadəçilərinin sayı isə 140 milyon nəfər olub).
Şirkətin ödəmə xidmətlərinin vitse-prezidenti və rəhbəri Sezar Sengupta, istifadəçi məlumatlarının gizli qalacağını vəd edir. O əlavə olaraq bildirir ki, şirkətin əsas məqsədi insanlara onlayn əməliyyatları həyata keçirməyə kömək etməkdir: “Bu həm bizim, həm də internet üçün əla olacaq”.
ABŞ-ın dövlət tənzimləyiciləri şirkətin rəqibləri ilə ədalətli rəqabət aparmasını təmin etmək üçün təhlillər aparırlar.