“Azərbaycanda bəzi hallarda yerli poçt idarələri işbazların ölkəyə qeyri-qanuni yollarla mobil telefon idxal etməsinə şərait yaradırlar”.
FED.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı Fikrət Ələsgərli Qusarda Komitənin jurnalistlər üçün təşkil etdiyi “Gömrük islahatları və Modernləşdirmə” mövzusunda keçirilən seminarda bildirib.
Onun sözlərinə görə, bu işbazlar bəzən hətta vətəndaşlardan xəbərsiz onların şəxsiyyət vəsiqələrnin nüsxələrini və yaxud insanların şəxsi məlumatlarını əldə edərək qanunsuz yollara əl atırlar: “Onlar anlamır ki, bu yolla ölkə iqtisadiyyatına ziyan vururlar və dövlət büdcəsinə köçürmələrin qarısını alırlar. Üstəlik qeyri-qanuni mobil telefon idxalı ilə bu sahədə fəaliyyət göstərən şirkətlər müflis olurlar.”
F. Ələsgərli deyib ki, bu kim hallar yalnız mobil telefonlara aid deyil: “Bu gün mobil telefona ölkədə böyük tələbat var. Bunun qarşısını alacağıq, bu işbazlar qeyri-qanuni televizor idxalına başlayacaq. Qeyri-qanuni televizor idxalının qarşısı alınacaq, bu işbazlar qeyri-qanuni soyuducu idxalına başlayacaqlar. Onlar üçün malın önəmi yoxdur. Bu hal Azərbaycanın bütün coğrafi rayonlarını əhatə edir. 4 ay ərzində Gədəbəyin Şınıx kəndindən olan bir qadının adına 4 ədəd “iPhone X” telefonu gətirilib. Mən əminəm ki, bu qadının həmin telefonlardan heç xəbəri yoxdur və o, heç “iPhone X”in nə olduğunu bilmir”.
DGK rəsmisi qeyri-qanuni idxalın qarşısını alımaq, işbazların fəaliyyətinə son qoymaq üçün mətbuatın bu sahədə daha fəal olmasını və ictimaiyyəti maarifləndirməsini xahiş edib.