Azərbaycanda rəqəmsal transformasiya istiqamətində həyata keçirilən praktiki təşəbbüslər çərçivəsində müəssisələrə yerində baxışlar keçirilir və şirkətlərlə birbaşa görüşlər təşkil olunur. Bu prosesdə beynəlxalq ekspertlər də iştirak edir, şirkətlərin texnoloji spesifikasiyaları, infrastruktur hazırlığı, kadr potensialı və ümumi bilik səviyyəsi kompleks şəkildə qiymətləndirilir.
Prezident: "Rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidir"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2025-ci ilin yekunları ilə bağlı keçirilən hesabat xarakterli mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, aparılan təhlillər nəticəsində 20-dən çox müəssisə üçün xüsusi yol xəritələri hazırlanır.
“Həmin sənədlərdə tətbiq olunacaq texnologiyalar, onların şirkətlərə verəcəyi iqtisadi səmərə və biznes proseslərinə inteqrasiya mexanizmləri ətraflı şəkildə göstərilir. Hazırlanan yol xəritələri biznes prosesinə uyğunlaşdırılmış sənəd kimi şirkətlər üçün əlavə imkanlar yaradır. Belə ki, maliyyə resursları məhdud olan müəssisələr bu sənədlər vasitəsilə banklardan layihə maliyyələşdirilməsinə daha asan çıxış əldə edə bilirlər. Eyni zamanda, rəqəmsal transformasiya layihələri dövlət dəstəyi ilə, o cümlədən Azərbaycan iqtisadiyyatının inkişafı fondu vasitəsilə aşağı faizli maliyyə imkanları ilə dəstəklənir".
F. Cəfərov statistik göstəricilərə əsasən 2022–2024-cü illər ərzində təxminən 5 müəssisənin pilot layihəsinə dəstək göstərildiyini, cari ildə isə artıq 15 müəssisəyə analoji istiqamətdə dəstək verildiyini bildirib. (Azərtac)










