«Facebook» sosial şəbəkəsi özünün rəqəmsal valyutası olan «Libra»nı artıq 2021-ci ildə buraxmaq niyyətindədir. FED.az xəbər verir ki, bu barədə «Financial Times» qəzetinə şirkətin planqları ilə tanış olan mənbə bildirib.
Mənbə bildirib ki, «Libra» layihəsi əvvəlkindən daha kiçik olacaq. Belə ki, əvvəlki variantda bir neçə rəqəmsal valyutanın və onların əsasında «rəqəmsal kompozit»in buraxılması nəzərdə tutulsa da, indi Libra yalnız dolların rəqəmsal variantını buraxacaq, qalan rəqəmsal valyutalar isə gələcəkdə dövriyyəyə buraxılacaq.
«Libra»nın nə vaxt buraxılacağı ilə bağlı dəqiq vaxt İsveçrənin maliyyə nəzarəti xidmətinin – «Finma»nın qərarından asılı olacaq, amma bu yanvarda baş verə bilər.
Mənbə bildirir ki, «Novi» adlanan kriptopul qabı məhsul buraxılışına hazırdır. Amma dərhal bütün regionlara xidmət göstərməyəcək. Şirkət ilkin olaraq daha böyük pul köçürmə kanallarına fokuslanmaq istəyir. Üstəlik bu işə başlamaq üçün «Novi»nin ABŞ-ın bütün ştatlarında lisenziyası olmalıdır. Ştatların əksəriyyətindən lisenziya alınıb, təqribən 10 ştat qalıb.
Xatırladaq ki, «Facebook» hələ 2019-cu ilin iyununda «Libra» kriptovalyutasını buraxacağını elan etmişdi. Paralel olaraq «Calibra» kripto pul qabı da yaradılacaqdı ki, «Libra»nı burada saxlamaq mümkün olsun.
Həmin vaxt yaradılan «Libra» assosiasiyasına 27 şirkət, o cümlədən «Visa», «Mastercard» və «PayPal» şirkətləri, «Spotify», «Uber» və «Lyft» servisləri, eləcə də «Vodafone» operatoru qoşulmuşdu.
Amma payızda əsas oyunçular bu assosiasiyanı tərk etdi. «Facebook»un rəhbəri Mark Zukerberq isə ABŞ konqresindəki uzunmüddətli dinləmələrdə maliyyə komitəsinin üzvlərinə kriptovalyutanın vacibliyini sübut edə bilməmişdi.
Dekabr ayında isə Avropa İttifaqının maliyyə nazirləri bəyan etdilər kpi, özəl kriptovalyutalar, o cümlədən «Libra» Avropada qadağan ediləcək, o vaxta qədər ki, onların gətirəcəyi risklərin qarşısı əvvəlcədən alınsın.
2020-ci ilin martında vəziyyət dəyişdi, məlum oldu ki, «Facebook» bu layihəyni dəyişəcək. Və «Libra» ayrıca kriptovalyuta kimi deyil, ödəmə sistemi kimi işləyə bilər. Buk zaman sistem istənilən valyutanın – o cümlədən dollar və avronun da - rəqəmsal variantını qəbul edə biləcək.