2025-ci ilin iyul ayında Azərbaycanda sosial media platformalarının bazar payı üzrə mənzərə maraqlı dəyişikliklərlə yadda qalıb. Son bir ildə və hətta son bir ayda baş verən dəyişikliklər istifadəçi davranışlarının necə sürətlə dəyişə bildiyini göstərir.
"Telegram"da yeni funksiya istifadəyə verildi
FED.az xəbər verir ki, ən çox istifadə edilən platforma yenə də Instagram olaraq qalır. 2025-ci ilin iyulunda onun bazar payı 34,0% təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz bəndi azalsa da, bir ay öncə, 2025-ci ilin iyununda qeydə alınan 32,1%-lik göstəricidən daha yüksəkdir.
Son bir ilin qalibi isə Facebook olub. Onun bazar payı 2024-cü ilin iyulunda 22,9% olduğu halda, 2025-ci ilin iyulunda bu göstərici 31,7%-ə yüksəlib. Bu, 8,8 faiz bəndi artım deməkdir. Üstəlik, təkcə son bir ay ərzində platformanın bazar payı 5,6 faiz bəndi irəliləyib. Bu sürətli artım Facebookun Azərbaycanda yenidən populyarlaşdığını və daha çox istifadəçi cəlb etdiyini göstərir.
YouTube üçün isə vəziyyət qarışıqdır. 2024-cü ilin iyulunda 11,2% bazar payına malik olan platforma 2025-ci ilin iyulunda 15,3%-ə yüksəlib. Lakin bu artıma baxmayaraq, son bir ayda ciddi eniş yaşanıb. Beləki iyun ayında 20,6% olan göstərici iyulda 5,3 faiz bəndi azalaraq 15,3%-ə düşüb.
Twitter (hazırkı adıyla X) bazar payı azalıb, ötən ilin iyulunda 7,5% idisə, bu il 7,1%-ə enib. Son bir ayda isə 2,6 faiz bəndi azalma müşahidə olunur. Bu isə onu deməyə əsas verir ki, Twitter Azərbaycanda sabit bir istifadəçi kütləsinə malik olsa da, cari dövrdə maraq bir qədər zəifləyib.
Ən ciddi geriləmə Pinterest platformasında baş verib. Ötən ilin iyulunda və bu ilin iyununda bazar payı eyni – 14,8% olsa da, 2025-ci ilin iyul ayında bu göstərici 7,1%-ə düşüb. Yəni, cəmi bir ayda platforma bazar payının yarıdan çoxunu itirib.
Reddit üçün də oxşar mənzərə müşahidə edilir. İllik müqayisədə az da olsa artım (2,2%-dən 2,6%-ə) müşahidə olunsa da, iyun ayı ilə müqayisədə bazar payı 7,0%-dən 2,6%-ə düşüb ki, bu da çox ciddi 4,4 faiz bəndi azalma deməkdir.
LinkedIn isə özünün nisbətən sabitliyini qoruyub. Peşəkar şəbəkə kimi fərqlənən platformanın bazar payı ötən ilin iyulunda 1,4%, cari ilin iyununda 1,0%, iyulunda isə 1,2% olub.
Ümumilikdə, 2025-ci ilin iyul ayı göstərir ki, Facebookun mövqeyi sürətlə güclənməkdədir, Instagram isə öz liderliyini qoruyur.