Ölkədə "Elektron imza" (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, ondan istifadə miqyası da genişlənir.
FED.az-ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ildə istifadəyə verilmiş "E-imza" sertifikatlarının sayı 39.748 ədəd təşkil edib.
Onlardan 15.254-ü dövlət qurumlarının, 14.900-ü hüquqi şəxslərin, 9.594-ü isə fiziki şəxslərin payına düşüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumata görə, 2017-ci ildə istifadəyə verilən sertifikatların sayı 26.568 (dövlət qurumları üzrə 9.754, hüquqi şəxslər üzrə 9.518, fiziki şəxslər üzrə isə 7.296) olub. İstifadəyə verildiyi gündən 2019-cu il 1 yanvar tarixinədək olan statistikaya əsasən, ümumilikdə 166.890 "E-imza" sertifikatı təqdim edilib. Onlardan 91.206-sı dövlət qurumları, 41.612-si hüquqi şəxslər, 34.072-si isə fiziki şəxslər tərəfindən əldə olunub.
Son bir ayda təqdim edilmiş "E-imza" sertifikatlarının sayı isə 3.146 olub. 2018-ci ilin dekabr ayında verilən sertifikatların 1.834-ü dövlət qurumlarının, 828-i hüquqi şəxslərin, 484-ü isə fiziki şəxslərin payına düşüb. Bununla yanaşı, "E-imza" vasitəsilə həyata keçirilən əməliyyatların sayında da artım qeydə alınıb. Bu günə qədər dövlət qurumları tərəfindən 35.332.921, hüquqi və fiziki şəxslər tərəfindən 9.990.461 olmaqla, ümumilikdə 45.323.382 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2018-ci il ərzində isə aparılan əməliyyatların ümumi sayı 15.451.832 olub ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 34 faizi deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 12.127.063, hüquqi və fiziki şəxslərin payına isə 3.324.769 autentifikasiya və elektron imza əməliyyatı düşüb.
Xatırladaq ki, "E-imza" virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikası qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.