Azərbaycanda son illər müdafiə sənayesi sektorunda fəaliyyət göstərən özəl şirkətlərin sayında artım müşahidə olunur. Bu sahədə uğurlu layihələrə imza atan şirkətlərdən biri də “Azeltech” şirkətidir. Qısa müddətdə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər güc strukturları ilə sıx əlaqələr qurmağa nail olmuş “Azeltech”in istehsal etdiyi bəzi məhsullar artıq qoşunların silahlanmasına qəbul edilib. Fəaliyyət göstərdiyi müddətdə peşəkar proqramçıları və elektronika mühəndislərini sıralarına cəlb edən şirkət hazırda güc strukturlarının sifarişləri əsasında yeni layihələr üzərində işləyir.
Eləcə də bax: Kənd təsərrüfatında - DRONLARDAN İSTİFADƏ BAŞLAYIB
FED.az biznes portalı azeridefence.com-a istinadən şirkətin mövcud layihələri və gələcək planları ilə bağlı direktoru Samir Süleymanovun müsahibəsini təqdim edir.
- “Azeltech” şirkəti 2016-cı ildə yaradılıb. İlk başda elektronika sahəsində fəaliyyət göstərməyi düşünsək də, sonrakı illərdə həm özümüzün, həm də hərbi qurumlarımızın təşəbbüsləri və dəstəyi ilə bəzi layihələrə daxil olduq. Şirkətimiz elektronika və proqramlaşdırma sahəsində ixtisaslaşmış təcrübəli mütəxəssislərindən ibarət peşəkar kadrlara malikdir. Şirkətimizdə istər yaşlı, istərsə də gənc nəsli təmsil edən kadrlar çalışırlar. Onların arasında Sovet elektron sənayesində çalışmış mütəxəssislər də var. Əsasən yerli kadrları cəlb edərək istehsal prossesində, yeni növ texnikanın hazırlanmasında iştiraklarını təmin edirik.
Fəaliyyətimizi son 3 ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında rezident olaraq davam etdirdik. Bu ilin əvvəlindən Yüksək Texnologiyalar Parkının rezidentliyindən çıxmışıq.
Sirr deyil ki, hərbi məhsulların yaradılması və istehsalı böyük maliyyə vəsaiti tələb edir. Biz də fəaliyyətə başladığımız ilk vaxtlar üzləşdiyimiz maliyyyə çətinliklərini dəf etmək üçün AMEA-ya müraciət elədik. 2018-ci ildə AMEA Yüksək Texnologiyalar Parkının rezidentlərinin fəaliyyətini koordinasiya məqsədi ilə AMEA-nın nəzdində Strateji Elmi-Tədqiqatlar Mərkəzi yaradıldı. Mərkəz tərəfindən “Azeltech” və bizim kimi bu sahədə fəaliyyət göstərən şirkətlərin üzləşdikləri çətinlikləri aradan qaldırmaq məqsədi ilə müxtəlif işlər görüldü.
Bu gün şirkətimizin əsas fəaliyyət istiqaməti cihazların, o cümlədən, silahların tərkib hissəsi olan elektronika və onların proqram təminatının işlənib hazırlanmasıdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və digər qurumların mütəxəssisləri ilə birlikdə hazırladığımız məhsulların bəziləri artıq ordumuzun və digər güc strukturlarımızın istifadəsinə verilib. Yeni məhsulların yaradılması və təkmilləşdirmə layihələri üzərində işlərimizi davam etdiririk.
Müstəqil şəkildə təqdim etdiyimiz məmulatlardan əlavə, şirkətimiz tərəfindən bir sıra cihazlarda elektronik hissələrin, proqramlaşdırma və alqortimlərin yazılması işləri həyata keçirilir. Bu ilin əvvəlindən müstəqil şəkildə, “Azeltech” brendi ilə öz məhsullarımızı təqdim edirik.
- Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında ötən ilin sonlarında müəyyən dəyişikliklər baş verdi. Bundan sonra “Azeltech” də daxil olmaqla, bir neçə şirkət texnoparkdan çıxdı. Texnoparkın rezidentliyindən imtina etmənizin səbəbi nə idi?
- Əvvəla qeyd etmək istəyirəm ki, Yüksək Texnologiyalar Parkı anlayışı bizim bəzi rəhbər şəxslər tərəfindən düzgün anlaşılmır. Əslində Yüksək Texnologiya Parkı – başqa sözlə texnopark vergi, gömrük güzəşt və imtiyazları təmin edən, infrastruktura malik müəyyən bir ərazidir. Orada şirkətlər rezident kimi yerləşə və fəaliyyət göstərə bilərlər. Ancaq Yüksək Texnologiyalar Parkının rəhbərliyi bu gün tam fərqli yanaşma ortaya qoyub. Sanki biz onlara tabeyik və kimin necə işləməyini texnoparkın rəhbərliyi müəyyən etməlidir. Hər bir şirkət müstəqil hüquqi subyektdir. Marketinqini, istehsal prosesini, fəaliyyətini özü istədiyi formada qura bilər. Buna texnoparkın qarışması yolverilməzdir. Bu baxımdan fikirlərimiz üst-üstə düşmədi və qeyd etdiyim səbəbdən ayrılmaq qərarına gəldik. Son aylar bizə və digər şirkətə orada müxtəlif maneələr yaradılırdı. Sifarişçilərimizlə görüşlərin keçirilməsi, güc strukturlarının nümayəndələrinin belə müəssisəmizə dəvət olunması mümkünsüz hala gəlmişdi. Təsəvvür edin, Dövlət Müdafiə Sifarişi proqramına salınmış, sifarişi yerləşdirilmiş məhsullarımızın istehsalını davam etdirməyimizə əngəllər yaradıldı. Müharibə vəziyyətində olan bir ordunun sifarişini dayandırmaq hansı məntiqə uyğundur? Artıq bu gün Yüksək Texnologiyalar Parkının rezidenti deyilik. Müstəqil olaraq özümüzün yeni ofisimizdə fəaliyyət göstəririk.
- Şirkətimizin istehsalı olan məhsullardan biri sərhədlərimizin mühafizəsində tətbiq olunur və bu sistemin tətbiqi dairəsinin genişləndirilməsi üçün yeni sifarişlərimiz mövcuddur. Bundan başqa, müxtəlif mina və artilleriya atımlarının uzaq məsafədən radiokanal vasitəsi ilə partlayışının idarə edilməsini həyata keçirən “İldırım-10RP” sistemimiz ordunun və güc strukturlarımızın silahlanmasındadır. Eləcə də mülki və hərbi təyinatlı dronların, pilotsuz uçuş aparatlarının müxtəlif elektron blokları, idarəetmə pultu, müxtəlif ölçülü və təyinatlı kamikadze dronlarının hazırlanması ilə məşğuluq. Yaxın aylarda bir neçə yeni pilotsuz uçuş aparatımızın və kamikadze dronumuzun sınaqlarını keçirməyə hazırlaşırıq.
- Bu gün dünyada yüzlərlə, Azərbaycanda isə 5 dron istehsalçısı mövcuddur və istənilən qiymətə istənilən tipdə pilotsuz uçuş aparatı əldə etmək mümkündür. Maraqlıdır, “Azeltech”in hazırladığı dronlar digər şirkətlərin təqdim etdiyi dronlardan nə ilə fərqlənir?
- Bu gün dron istehsalçılarının əksəriyyəti uçuş kontrollerlərini, idaretmə pultlarını hazır alırlar. Həmin avadanlıqlar müəyyən açıq protokollarla işləyir ki, bu da güc strukturlarını qane eləmir. “Azeltech” olaraq, dronlarımızın uçuş kontollerlərini, stablizatorları, hərbi standartların tələblərinə uyğun şifrələnmiş idarəetmə kanallarını, idarəetmə pultunu özümüz yaratmışıq. Bundan başqa, hazırda intellektual idarəetmə sisteminin də üzərində işləyirik. Mövcud sistem mürəkkəb radioelektron mühitdə, düşmənin radioelektron mübarizə vasitələrindən istifadə etdiyi ərazilərdə bizim dronların hərəkətinə və qarşıya qoyulan tapşırıqları yerinə yetirməsinə imkan verəcək. İstehsal etdiyimiz məhsullarda özümüzün yaratdığımız proqram və alqoritmlər olduğu üçün kənardan müdaxilələr etmək mümkün deyil.
- Bu gün dünyada pilotsuz uçuş aparatlarında süni zəkanın tətbiqi və dron sürülərinin yaradılması məsələləri gündəmdədir. Mart ayının əvvəlində Türkiyə Silahlı Qüvvələrinin “Bahar qalxanı” əməliyyatında Suriya Ordusuna qarşı dron sürüləri ilə etdiyi hücumlar bu məsələyə diqqətin yönəldilməsini prioritet olaraq qarşıya qoyur. Qeyd edilən məsələ ilə bağlı sizin düşüncələriniz nələrdir?
- Kamikaze dronlardan bəhs etdiniz. Hazırda üzərində işlədiyiniz kamikadze dron layihələri barədə məlumat verə bilərsinizmi?
- Biz bir neçə fərqli təyinatlı kamikadze dron və ya başqa sözlə ifadə etsək “gəzən sursat”ın yaradılması üzərində işləyirik. Bunlardan birincisi ümumi çəkisi 3.5 kq təşkil edən, kiçik ölçülü “gəzən sursat”dır. Bir kiloqram ağırlığında partlayıcı yük daşıyacaq bu kamikadze düşmənin zirehsiz texnikası, açıqda və ya mövqelərdə dayanan canlı qüvvəsinə qarşı istifadə istifadə üçün nəzərdə tutulur.
Çəkisi 5 kiloqram olan digər “gəzən sursat”ımız isə düşmənin canlı qüvvəsi ilə yanaşı zirehsiz və zirehli texnikalarına, habelə zenit raket komplekslərinə qarşı tətbiq olunacaq. Bu məqsədlə xüsusi alqoritmlər işlənir.
- Ordumuzun silahlanmasına daxil edilmiş “İldırım RP-10” uzaq məsafədən partlatma sistemi barədə məlumat verməyinizi xahiş edirik. Hazırda Rusiya, Bolqarıstan, Türkiyə, Pakistan və Cənubi Koreyanın şirkətləri tərəfindən bazara analoji sistemlər təklif olunur. Hətta bildiyimiz qədər əvvəlki illərdə Azərbaycan Ordusu Türkiyədən və Bolqarıstandan bənzər sistemlər alsa da performansından məmnun qalmayıb. “İldırım RP-10” bənzər məhsullarla müqayisədə hansı üstünlüklərə malikdir?
- Bizim sistemin birinci üstünlüyü rabitə kanalının şifrələnmiş olmasıdır. Bu, ilk növbədə kənar müdaxilələrin qarşısını alır. Sistem hazırlananda istifadəçinin təhlükəsizliyinin tam təmin olunması nəzərə alınıb. Seçilmiş dalğa uzunluğu maneələrin arxasında belə cihazı işlətməyə imkan verir. Bolqarıstan və Rusiya şirkətlərinin təqdim etdikləri bənzər sistemlər konkret partlayıcının üzərində qurulub. Bizim məhsulumuz isə daha universaldır. Onu elektrodetenatorla təchiz olunmuş istənilən partlayıcıya (mina, döyüş sursatı və s) inteqrasiya etmək olar. Digər üstünlük kimi, daşınmasının rahatlığını, qiymətinin xarici analoqları ilə müqayisədə ucuz olmasını deyə bilərəm. “İldırım RP-10”un döyüş radiusu sınaqlar zamanı 3-8 kilometr arası təsdiqlənib. Cihaz ordumuzun ayrı-ayrı vaxtlarda keçirilən hərbi təlimlərində, o cümlədən gecə təlimlərində, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin “Mustafa Kamal Atatürk” və “Sarsılmaz qardaşlıq” birgə taktiki təlimlərində istifadə olunub. Türkiyə Silahlı Qüvvələrinin mütəxəssisləri tərəfindən də incələnib və yüksək qiymətləndirilib.
“İldırım RP-10” minaların təmizlənməsi, minalı sahələrdən cığırların açılması, xüsusi təyinatlıların kəşfiyyat-diversiya əməliyyatlarında istifadə üçün nəzərdə tutulur. Cihazdan istifadə etməklə eyni vaxtda ərazidəki aşkarlanmış bütün minaları partladıb zərərsizləşdirmək mümkündür. Yeri gəlmişkən, cihazın ANAMA üçün də yeni nümunələri hazırlanır. Bildiyiniz kimi, ANAMA humanitar minatəmizləmə sahəsində dünyada tanınan və qəbul edilən ən peşəkar, təcrübəli minatəmizləmə mərkəzlərindəndir. Belə bir təşkilatın ölkəmizdə fəaliyyət göstərməsi bizim kimi istehsalçılar üçün də geniş imkanlar açır. ANAMA-nın da mütəxəssislərinin iştirakı, bilik və təcrübəsindən istifadə etməklə, mövcud sistemləri təkmilləşdirə və yeni nümunələr yarada bilərik.
“İldırım RP-10” mülki sektorda dağ-mədən sənayesində də istifadə edilə bilər.
- “İldırım RP-10” sisteminin ixracı barədə düşünürsünüzmü?
- Bəli, planlarımız var. Hazırda bu istiqamətdə bazarı araşdırırıq. Hesab edirəm ki, praktiki olaraq ordumuz tərəfindən istifadə edilən, universal, qiymət baxımından daha uyğun olan bu sistemimiz beynəlxalq bazarda ciddi maraq yaradacaq və öz yerini tuta biləcək.
Yeri gəlmişkən, hazırda “İldırım-RP10” sistemin seysmik detektorlar və vizual görüntü kameralarına inteqrasiya edilməsi üzərində çalışırıq. Yaxın aylarda hərbi qurumların nümayəndələrinin iştirakı ilə sınaqlarını keçirəcəyik. Bu, bizim sistemə düşmən qüvvələrinin və texnikalarının daha tez müəyyənləşdirib məhv etməsinə imkan verəcəkdir.
- Azərbaycan Ordusunun istifadəsində yer alan, köhnə Sovet texnika və silahlarının təkmilləşdirilməsi proqramlarında iştrak barədə nələri düşünürsünüz?
- Şirkətimizin imkanları çərçivəsində bu cür modernizasiya proqramlarında iştirak etmək niyyətindəyik. Yaxın günlərdə bir xarici şirkətlə ordumuzun istifadəsində yer alan silah sisteminin modernləşdirilməsi layihəsinin müvafiq qurumlarla müzakirəsinə başlamağı düşünürük. Hesab edirəm ki, gələcəkdə xarici tərəfdaşlarımızla birlikdə fərqli layihələrə imza atacağıq.
Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istərdim. Son illər dünyada artan dron təhdidləri antidron sistemlərin yaradılmasına diqqəti artırıb. Dronlarla yanaşı antidron sistemləri də inkişaf edir, yeni nümunələr hazırlanır. Bu gün tək hərbi bazalar deyil, neft-qaz terminalları, neftayırma və qaz emalı zavodları, hərbi sənaye müəssisələri, strateji obyektlər dron hücumlarının əsas hədəfi olaraq seçilir. Asan, kustar üsullarla hazırlanan dronlarla hansısa terrorçu dövlətə milyonlarla dollara başa gələn, böyük itkilərə səbəb olan zərərlər vura bilir. Bunun biz 2019-cu ildə Səudiyyə Ərəbistanında, İraqda, Suriyada və digər ölkələrdə şahidi olduq. Ötən il Fars körfəzi ölkələrinin obyektlərinə dron hücumları dünya silah bazarında pilotsuz sistemlərlə mübarizə vasitələrinə diqqəti artırıb, hərbi texnikanın bu seqmentində böyük tələb və təkliflər formalaşdırıb.
Apardığımız araşdırmalara görə, düşmən Ermənistanda yerli şirkətlər tərəfindən kəşfiyyat və kamikadze dronların müxtəlif nümunələri hazırlanır. Yanvarın əvvəlində Ermənistan Ordusunun istefada olan general-leytenantı Norat Ter-Qriqoryants mətbuata açıqlamasında Azərbaycanın neft infrastruktruna kamikadze dronlarla zərbələrin endirilməsinin mümkünlüyündən bəhs etmişdi. Biz düşmənin hərbi sənayesindəki prosesləri izləyirik və bu ehtimalın gözardına alınması deyil, ciddi təhdid kimi qəbul edilməsinin vacibliyini düşünürük. Bu, Ermənistanla 1000 kilometrlik cəbhə xəttində deyil, eləcə də strateji obyektlərin, zavodların, neft-qaz terminallarının dronlara qarşı mühafizə və müdafiəsi zərurətini yaradır.
Bizim dronların istehsalı ilə yanaşı antidron sistemlərin yaradılması layihəsi üzərində müəyyən düşüncələrimiz var. Lakin əlimizdə olan işlərin çoxluğu bunu hal-hazırda reallaşdırmağa imkan vermir. Düşünürəm ki, ilin sonuna qədər bu sahədə addımlar atacağıq.
- Samir müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirik. Sonda başqa demək istədiyiniz nələrsə varmı?
- Şirkətimizə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm! Çox istəyərdim ki, Müdafiə Sənaye Nazirliyimiz də özəl sektora açıq olsun. Modernləşdirmə işlərinə, eləcə də bəzi məhsulların yaradılmasına tərəfdaş kimi özəl sektor şirkətlərini də cəlb etsinlər. Belə olan halda, biz birlikdə milli hərbi sənayemizin inkişafına böyük töhvə verə bilərik.