Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasını təmin etmək məqsədilə reintegration.gov.az portalı istifadəyə verilib. Portaldan Qarabağ bölgəsində yaşayan erməni sakinlərinləri ilə yanaşı Ermənistana gedən erməni sakinlərinin də istifadəsinə şərait yaradılıb.
Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı görülən işlər - AÇIQLANDI
Ermənistan Respublikasının bir sıra provayderləri Azərbaycan Respublikasının dövlət qurumlarına məxsus olan bəzi domen adlarını Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün öz tərəfində blokda saxlayırlar. Aparılan müşahidələr nəticəsində bəlli olub ki, yeni istifadəyə verilmiş reintegration.gov.az domen adı da Ermənistan ərazisindən insanların daxil olmasına maneə olmaq üçün Ermənistan provayderləri tərəfindən bağlanıb.
FED.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Ermənistan ərazisindən insanların portala daxil olmasını təmin etmək məqsədilə reintegration.gov.az domeninin real IP ünvanı "Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən gizlədilməklə, bloklamadan yayındırılmış və Ermənistan ərazisindən insanların reintegration.gov.az saytına daxil olmasına girişlər bərpa olunub. Son günlər dövlət qurumlarına məxsus olan saytlara, o cümlədən reintegration.gov.az portalına istifadəyə verildiyi gündən DDOS və digər kiberhücümlar aktiv şəkildə müşahidə olunur. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsinə qoşulmuş bütün informasiya resurslarının etibarlı mühafizəsi və fasiləsiz fəaliyyəti təmin edilir", - deyə məlumatda bildirilir.