İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) xidmətlərin dayanıqlığının təmin edilməsi məqsədilə “Hökumət buludu”na keçid çərçivəsində ehtiyat məlumatlarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Yevlax Data Mərkəzinə köçürür.
FED.az xəbər verir ki, bu, ölkə Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 3 iyun 2019-cu il tarixli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən reallaşdırılır.
Dövlət Vergi Xidməti artıq Yevlax Data Mərkəzində təqdim edilən İnfrastruktur və Rezervlənmə “bulud” xidmətlərini əldə edib. DVX informasiya sistemlərini “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində qismən yerləşdirməklə kritik infrastrukturunun fəaliyyət göstəricilərinin yüksəldilməsi, məlumatların təhlükəsiz saxlanılması üçün xərclərin azaldılması kimi üstünlüklər qazanıb. Həmçinin dövlət qurumu rezervləmə xidmətinin çevik və sadə formada həyata keçirilməsi üçün xüsusi platforma ilə təmin edilib.
Qeyd edək ki, dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malik olan “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur.