“Elektron şərtlər toplusu” funksionallığı sayəsində satınalan təşkilatların nümayəndələri şərtlər toplusunu birbaşa portal vasitəsilə formalaşdırmaq imkanı əldə edəcəklər.
FED.az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir ki, dövlət satınalmalarının vahid internet portalında (www.etender.gov.az) yeni funksiya istifadəyə verilib. Belə ki, satınalma proseslərinin şəffaf, vahid standartlara uyğun və tam rəqəmsal şəkildə aparılmasının təmin edilməsi məqsədilə “Elektron şərtlər toplusu” funksionallığı portala əlavə edilib.
Yeni funksiya satınalan təşkilatların nümayəndələrinə şərtlər toplusunu sistemdən kənarda deyil, birbaşa portal vasitəsilə formalaşdırmağa imkan verir. Sözügedən yenilik satınalma metodundan və predmetin növündən asılı olaraq, satınalan təşkilatlar tərəfindən yaradılan şərtlər toplularının qanunvericiliyin tələblərinə uyğun olmasına və nəticədə, texniki səhvlərin minimum səviyyəyə endirilməsinə şərait yaradır.