Abonentlərinə göstərilən xidmətləri daha da asanlaşdırmaq, məmur-vətəndaş kontaktını minimuma endirmək, süründürməçilik kimi hallara yol verməmək, istehlakçıların hüquqlarını bilməsini təmin etmək, maarifləndirmə, məlumatlandırma və “ASAN xidmət” vasitəsilə həyata keçirilən işlərin operativliyi məqsədilə “Azərişıq” ASC tərəfindən sosial şəbəkələrdə əlavə olaraq yeni səhifələr fəaliyyətə başlayıb.
ASC-nin mətbuat xidmətindən FED.az-a bildirilib ki, Səhmdar Cəmiyyətin “Azerishiq ASC” facebook səhifəsi ilə yanaşı yeni “Azerishiq.az” facebook səhifəsi, eyni zamanda, “Azerishiq.az” ınstagram səhifələri yaradılıb. Yeni yaradılan “facebook” və “ınstagram” səhifələrində “Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsilə etdiyi yeniliklər, texniki şərtlərin verilməsi prosesində həyata keçirilən islahatlar, sahibkarlar üçün nəzərdə tutulan güzəşt və xidmətlər, elektrik avadanlıqlarının istismarı zamanı anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün zəruri olan addımların atılması üçün tələb olunan xidmətlər, “facebook” və “ınstagram” səhifələrində özünə yer alacaq.
Bir sözlə sadə vətəndaşdan tutmuş sahibkarlara qədər elektrik enerji təchiz edilən hər kəs “Azərişıq” ASC-nin sosial şəbəkələrdəki fəaliyyətindən faydalana biləcəklər.
“Azərişıq” ASC-nin Perspektiv İnkişaf və “ASAN xidmət”lə İş İdarəsi tərəfindən yaradılan sosial şəbəkə səhifələrində yaxın vaxtlarda elektron qaydada yeni xidmətlər də göstəriləcək.