“Azərpoçt” MMC-nin loqosu ilə qurumun adından vətəndaşların mobil telefonlarına saxta mesajlar daxil olur.
FED.az məlumat verir ki, TED.az xəbər verir ki, mesajların mövzusu təxminən belədir: “Təbriklər, Azərpoçt istifadəçiləri. Daxil olduğunuz üçün təşəkkür edirik! Yeni Samsung Galaxy 10 cihazını qazanmaq üçün sizə daha bir şans veririk. Tək edəcəyiniz düzgün hədiyyə qutusunu seçməkdir”.
Mesajda yazılanları icra edən vətəndaşlardan bank kartının nömrəsi tələb olunur. Müəyyən məbləğ ödədikdən sonra hədiyyəsini ala biləcəyi qeyd edilir. Beləliklə, mesajda yazılanlara aldanan vətəndaşların bank kartlarında olan hesablarındakı vəsait mənimsənilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti bu cür hallarla rastlaşan vətəndaşların nəzərinə çatdırır ki, internetdən istifadə zamanı veb-brauzer başqa bir sayta yönləndirmə edirsə, bu, o deməkdir ki, mobil qurğu və ya kompüter zərərli proqramla (adware) yoluxub: “Bu halda telefonuna həmin saytdan arzuolunmaz “pop-up” reklamlar gəlir, eyni zamanda zərərli proqramlar yüklənir. Bundan başqa, qarşıya çıxan reklam banerində "Əgər 18+ yaşınız varsa, kliklə" mesajı ilə saytdakı bildirişlərə abunə “təklif” olunur. Əgər istifadəçi "İcazə ver" düyməsini “klik”ləsə, brauzerin bağlı olmasına baxmayaraq, saxta “pop-up” reklamları mobil qurğunun ekranında və ya kompüterinizin işçi masasında (desktop) görünməyə başlayacaq. Bu tip veb saytlar istifadəçinin internet brauzerindən IP ünvanı, veb-brauzerinin versiyası, istifadəçinin ölkəsi və s. kimi müxtəlif məlumatları oxuyur”.
“Məqsəd böyük məbləğli pullar və ya uduşlar vəd edərək istifadəçiləri aldatmaqdır. Problemin həll olunması üçün Windows idarəetmə panelindən istifadə edərək, son yüklənilən zərərli (xəbəriniz olmadan) proqramları kompüterindən təmizləmək, Chrome və ya digər brauzerlərin tənzimləmələr bölməsindən həmin resursdan olan uzantıları (extension) silmək tələb olunur. Brauzerdəki uzantılardan hansının zərərli olduğunu bilmədiyiniz halda bütün uzantıları silmək tövsiyə olunur. Mobil telefonu və ya kompüteri etibarlı (lisenziyalı) antivirus proqramı ilə yoxlayın (skan edin) və viruslardan təmizləyin”, - deyə qeyd olunub.
Azərpoçt və Elektron Təhlükəsizlik Xidməti məsələ ilə bağlı araşdırmaları davam etdirir.