Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən FED.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət qurumlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin elektron informasiya resursu yeni “njustice.gov.az” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürülüb. Nazirliyin rəsmi internet saytı Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mühəndis-proqramçıları tərəfindən müasir proqramlaşdırma dillərindən istifadə edilərək hazırlanıb.
Yeni hazırlanmış internet səhifəsinin təhlükəsizliyinin təmin edilməsi, axtarış sistemlərində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün Nazirliyin mühəndisləri tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib. Həmçinin, saytın domen ünvanı da müvafiq qaydada yenilənməklə domenə bağlı e-poçt adresi ilə təmin ediləcəkdir.
Qeyd edək ki, muxtar respublikada 12 dövlət qurumunun rəsmi internet səhifəsi AzStateNet şəbəkəsinə köçürülüb, digər qurumlarında internet səhifələri yenilənməkdədir ki, onların da audit yoxlamaları aparıldıqdan sonra köçürülməsi həyata keçiriləcəkdir. Bunlarla yanaşı, bir sıra qurumlar isə “GOV.AZ” domeninə bağlı e-poçt adresləri ilə də təmin olunublar.