Fevralın 17-də Bakıda Azərbaycanda ilk dəfə pasportlaşdırma üçün "EKM Maps" proqram təminatı təqdim olunub.
FED.az xəbər verir ki, bununla bağlı Almaniyanın "EKM Global Consulting GmbH" şirkətinin rəhbəri Elşən Musayev və Slovakiyadan olan coğrafi informasiya sistemi (GIS) üzrə ekspert, doktor Radovan Hilbert mətbuat konfransı keçiriblər.
E.Musayev bildirib ki, texnologiya kənd təsərrüfatı, tikinti, mühəndislik, ətraf mühit, nəqliyyat, telekommunikasiya, enerji təchizatı kimi müxtəlif peşə sahələrində istifadə oluna bilər. Onun sözlərinə görə, hazırda bu texnologiya ilk dəfə Azərbaycanda “Azərişıq” ASC ilə əməkdaşlıq çərçivəsində tətbiq olunur. Bunun üçün hər bir transformator, sayğac üzrə məlumatlar toplanaraq mütəxəssislər tərəfindən gələcək işlərdə istifadə oluna biləcək məlumat bazasına yerləşdirilir. Tətbiqdən istifadə işi asanlaşdırmaqla yanaşı, həm də şəffaflığa səbəb olur və ölkənin beynəlxalq reytinqlərdə yüksək yerlərdə olmasında rol oynayır. Diqqətə çatdırılıb ki, coğrafi informasiya sistemi (GİS) proqramları dünyanın inkişaf etmiş ölkələrində müxtəlif sahələrdə aktiv istifadə edilir.
Slovakiyalı ekspert Radovan Hilbert isə bildirib ki, coğrafi informasiya sistemi üzrə "EKM Maps" proqramı geniş sahələri əhatə edir. Bu proqramla iri yaşayış məntəqələrinin yaradılması və inkişafına aid məlumatları əldə etmək mümkündür. (Azərtac)