Fintex xidmət platforması (Fintech as a Service-FaaS) təqdim edən Türkiyənin “Birleşik Ödeme” şirkəti (United Payment) Azərbaycanda nümayəndəlik açıb.
FED.az xəbər verir ki, “Qarşıdakı 3 il ərzində 8 ölkədə fəaliyyətə başlayaraq 3-cü ilin sonunda 35 milyon istifadəçi və 1 milyard dollarlıq tranzaksiya həcminə çatmağı hədəfləyən “Birleşik Ödeme” şirkəti ilk addım olaraq Azərbaycanda ofis açıb. Şirkət Türkiyə-Azərbaycan münasibətlərinə töhfə verməyi və ölkələr arasında iş birliyini gücləndirməyi hədəfləyir”- deyə şirkətdən bildirilir.
Şirkətin Azərbaycandakı regional meneceri Edqar Abdullayev təyin edilib. E.Abdullayev daha öncə “PAŞA Bank”, “Azerconnect LLC” və “Azercell” kimi şirkətlərdə menecer olub.
“15 illik idarəçilik təcrübəsinə malik olan Edqar Abdullayevin rəhbərliyi altında “Birleşik Ödeme” şirkətinin qarşıdakı 2 il içərisində Azərbaycanın öndə gələn fintech şirkətlərindən olması hədəflənir”, - deyə məlumatda qeyd olunur.
Hazırda şirkət TransferWise, TransferGo ve Remitly kimi şirkətlərin Türkiyədəki ortağı olaraq Türkiyə üzərindən pul köçürmələri üçün infrastruktur təqdim edir.
“Birleşik Ödeme” şirkəti daxili və beynəlxalq pul köçürmələri ilə yanaşı, 5 əsas istiqamətdə həllər təklif edir: rəqəmsal pulqabı, elektron pul, virtual və ya fiziki ön ödəməli kart, online/offline inkasso və kiosk/ağıllı kassa həlləri.
“Birleşik Ödeme” 11 illik iş təcrübəsini bölgəyə yaymağı və insan resursları və texnologiyaya yatırımlarını sürətli bir şəkildə artırmağı planlaşdırır. Şirkətin müəyyən etdiyi beynəlxalq yol xəritəsində Şərqi Avropa, MDB, Körfəz və Şimali Afrika ölkələri yer alır. (İnterfaks)