İndi hamı evdədir. Deməli, internet provayderlərin işinə qiymət verməyin əsl vaxtıdır.
FED.az Azərbaycanda ən yaxşı və pis internet provayderlərinin hansı olduğunu öyrənmək məqsədilə sorğu keçirib.
Eləcə də bax: İnternetin sürəti ilə bağlı - NAZİRLİKDƏN AÇIQLAMA
Ümumilikdə 130-a yaxın istifadəçi arasında keçirilən sorğuda “Aztelekom” İstehsalat Birliyinin xidməti “qara siyahı”ya düşüb.
Abşeron rayonunun Saray qəsəbəsindən olan iştirakçı Səməd Musayev “Aztelekom” İstehsalat Birliyinin təqdim etdiyi internetdən şikayətlənib: “Bu provayder nəsə təqdim edir, amma ona internet demək olmaz”.
Şəki rayonundan Yaşar Süleymanov və Şəmkir rayonundan Ramid İlyasov da “Aztelekom”un internet xidmətlərindən narazı olduqların bildiriblər.
Sorğuya qatılan Tural Dadaşov adlı istifadəçi isə haqqını “Aztelekom” halal etməyib. O, 4096 MB üçün İstehsalat Birliyinə hər ay 20 AZN ödədiyini deyib: “Baxmayaraq 1.20 MB internet verir, neçə aylardır belədir. Nə vaxta kimi belə olacaq? Deyilən şikayətlərə nə vaxt baxacaq? Millətin haqqına niyə girirlər? Heç olmasa bu gərgin və stressli vaxtda normal sürət versinlər”.
İştirakçı Nahid Səlimov da “Aztelekom” ve “Baktelekom”dan qəzəblidir: “Ümid edirəm bağlanarlar, həyət evlərinə də fiber optik kabellə internet gələr. Elə bil şəhərin mərkəzində deyil Kenyada yaşayırıq”.
Mingəçevirin Azdres qəsəbəsindən sorğuya qatılan Vüsal Xəlilov da «Aztelekom»un sürətinlən narazıdır: “Sürəti çox zəifdir, adi “Youtube”da film izləmək olmur”.
Digər sorğu iştirakçıları - Yaqub Əliyeva, Gülnarə Əliyeva, Mənsur Məmmədova, Azər Kərimov, Kamran Məhərrəmov, Vüsal Məmmədov da “Aztelekom”un təqdim etdiyi internet xidmətindən narazı qaldıqlarını bildirib.
Şəmkirin Düyərli kəndindən sorğuda iştirak edən Amil İlyasov, Şəkidən Yaşar Süleymanov, Gəncədən qatılan sorğu iştirakçısı Şəhriyar Heydərzadə “Aztelekom”da xidmət və keyfiyyət səviyyəsinin sıfırın altında olduğunu deyiblər.
Sorğu iştirakçısı Etibar Əliyev “Aztelekom”un xidmətindən bezdiyini deyib: “Zibil qutusuna tullamaq lazımdır, “shift” “delete” eləyəsən bir də qayıtmasın, heç şikayətlərə də baxmırlar”.
Davud Davudov “Bakinternet”in xidmətindən şikayətçidir: “Son 2 ay 155-ə zəng vurub məlumat yönləndirmişik. İki gündən sonra usta göndəriblər hansı ki, ustalıq bir şey yoxdur. Xətlərimiz saz vəziyyətdədir, ATS işinə məsuliyyətsiz yanaşır”.
Emil Humbətov hesab edir ki, Azərbaycan internet yoxdur: “Çünki iki provayder var, biri “Aztelekom”, digəri də “Bakinternet”. Bütün kanallar da onlardan alıb millətə satır. Ona görə də keyfiyyət yoxdur”.
Rəsul İsayev ən pis internet provayderinin “Aztelekom”, ən yaxşısının isə “Smart” olduğunu deyib.
Sorğuya Səbail rayonundan qatılan Emin Məmmədli ərazidə “Bakinternet”in sürətinin çox zəif olduğunu deyib.
Rəşad Quliyev adlı istifadəçi ən pis provayderin “Bakinternet”, ən yaxşısının da “Enginet” olduğunu bildirib.
Hüseyn Əlizadə adlı istifadəçi onunla razılaşmayıb: “Enginet” kimi pis provayer, elə özüdür”.
“Sazz” artıq çoxdan saz deyil...
Sorğu iştirakçılarının narazı qaldığı ikinci internet provayderi “Sazz” olub.
Sevil Məmmədaliyev isə “Sazz” internet provayderinin xidmətindən şikayətlənib: “İllərdir zülm verməklə məşğuldurlar. Simsiz olduğuna görə istifadə edirik, amma əsəbləri tarıma çəkir. Müsibətdir. Bizim binada 1 aydır “Azercell”in interneti də pis vəziyyətdədir. Heç işləmirdi, təzəliklə işləməyə başlayıb, görək necə olur”.
Elçin Nüsrətov da “Sazz”ın fəaliyyətini bərbad dəyərləndirib.
Faiq Cümşüdov “Sazz” internet provayderinin xidmətindən narazıdır: “Zəng edirsən ki, problemi soruşasan 15 dəqiqə musiqiyə qulaq asırsan, kontur da gedir, növbən çatanda da zəng kəsilir”.
Sorğuda “Connect”in və digər internet provayderlərinin adını çəkənlər də oldu.
“Connect”in xidmətindən yararlanan Nabad Əliyeva deyir ki, zəng edib deyəndə sürət düzəlir: “Zəng edəndə də deyirlər ki, modemnəndir. Aylıq 20 manat ödəniş edirik, amma dəymir”.
Binəqədidən olan iştirakçı Məhərrəm Məmmədov “Connect”in hazırda işləmədiyini deyib. “İşləyəndə də çox pis işləyir”.
7-ci mikrorayondan sorğuya qatılan Solmaz Həsənli deyir ki, ərazidə “Ultel” bərbad gündə işləyir, hətta demək olar ki, yoxdur.
Əli Usubov mövcud provayderini dəyişmək üçün məsləhət istəyib: “Ultel”in optik internetini işlədirəm, çox zəifdir. Ayda 25 AZN ödəniş edirəm. Nəyə dəyişim?”
Sumqayıtdan sorğuya qatılan Yeganə Soltanova “İmpuls”dan şikayətçi olub: “Aylıq 20 AZN ödəyirəm, amma hər gün əsəb. Tez-tez kəsirlər, sürət də ki, sürünür. Pulu nağd veririk, çünki heç bir ödəmə terminalına qəbul yoxdur. Müqavilədə 24 saat xidmət olduğu halda, zənglərə ancaq 9-16 arası cavab verirlər”.
Sumqayıtdan sorğuda iştirak edən Cabbar Alistanovun da “Implus” internet provayderinə ödədiyi pula heyfi gəlir: “Aylıq 20 AZN 4 MB sürət adından satırlar, ancaq heç 1 BM sürət olar, ya olmaz”.
Masallıdan qatılan sorğu iştirakçısı Vüsal Novruzov və Atamoğlan Çıraqov isə "Narnet"dən narazıdır.
Şəlalə Cabbarova “Alfanet”in mütəmadi zəif olmasından şiakyətlənib.
İştirakçı Nüşabə Həmidova provayderin adını açıqlamasa da, hələlik yola verdiyini deyib.
Sorğuda xidmətlərindən razı qalınan provayderlər də olub.
Vüqar Əliyev “İzone” provayderinin xidmətini normal qiymətləndirib.
Elvin Ələkbərov “İzone” provayderinin fəaliyyətindən razı olduğunu deyib: “Aylıq 18 AZN ödəniş edirik, həqiqətən də sürət əladır”.
Təranə Əliyeva isə “KaTv1”in çox yaxşı olduğunu deyib.
Elvin Şərifov ən yaxşı internet provayderinin “Birlink” olduğunu deyib.
Sorğu iştirakçısı Sevinc Musayeva isə illərdir “Smart” işlətdiyini və razı qaldığını deyib: “Xidmət haqqının 3 ayını birdən ödəyəndə (60 AZN) 1 ayını hədiyyə verirlər. Yəni ayı 15 manata gəlir. Modemi de özləri hədiyyə edirlər”.
Sorğu iştirakçısı Nicat CM Azərbaycanda ən yaxşı internet xidmətinin “Superonline”nin təqdim etdiyini düşünür: “Bu provayder indi başqa bir provayderə birləşib. Əvvəllər “Avirtel” var idi, onu “Aztelekom” bağlatdırıb, işləri məhkəmədədir, qalib gəlsə, qayıdacam ona. “Avirtel” 20 manata 8 MB kəsintisiz internet verirdi, çox heyf”.
“Problem “Deltatelekom”dadır...
Sorğu iştirakçıları arasında Azərbaycanda ən yaxşı internet provayderinin olmadığını düşünənlər də az olmayıb.
Ramil Hüseynov provayderlərdə günah görməyib. O, problemin “Deltatelekom”da olduğu qənaətindədir: “Bazarda tarifi, interneti tənzimləyən “Deltatelekom”dur. O normallaşdırsa, sürətli internet versə, hər şey düzələr”.
Alim Babayev isə “Deltatelekom”un məsələyə aidiyyətinin olmadığını deyib: “Provayderlər “Deltatelekom”dan 10 MB alır, müştəriyə 50 MB satır. Ona görə də sürət yoxdur”.