Türkiyənin tanınmış "Boğaziçi Ventures" fondu Azərbaycan startaplarına ilkin olaraq 5 milyon ABŞ dolları investisiya fondu müəyyən edib. Azərbaycanda ilk dəfə İnnovasiyalar Agentliyində startapları və innovativ layihələri maliyyələşdirən beynəlxalq vençur fondunun nümayəndəliyi fəaliyyətə başlayıb.
Eləcə də bax: Azərbaycanda vençur assosiasiyası - YARADILACAQ
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən FED.az-a bildirilib ki, açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, “Boğaziçi Ventures” fondunun idarə heyətinin üzvü və Azərbaycan nümayəndəliyinin rəhbəri Turan Alməmmədov iştirak ediblər.
Tədbirdə İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli Azərbaycanda innovasiya və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı görüləcək işlər və gələcək planlar barədə məlumat verib. Eyni zamanda, yerli startapların “Boğaziçi Ventures” fondu ilə geniş əməkdaşlıq perspektivləri haqqında danışılıb.
İnnovasiyalar Agentliyinin tərtib etdiyi startap təsnifatlandırılmadan keçərək A və B kateqoriyalarına təyin olunan bütün startaplar “Boğaziçi Ventures” fondunun Azərbaycandakı startapların inkişafı üçün ayırdığı 5 milyon dollar həcmində olan investisiya fonduna müraciət edə bilər. Startaplara investisiya qərarı beynəlxalq standartlar çərçivəsində “Boğaziçi Ventures”in daxili qiymətləndirmə siyasətinə əsasən veriləcək.
Səfir E.Özoral öz çıxışında qeyd edib ki, Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir. Bu səbəbdən Türkiyə dövləti olaraq innovasiyaların inkişafına daima dəstək göstərməyə hazır olduqlarını bildirib.
T.Alməmmədov isə Türkiyənin ən böyük texnoloji vençur fondu olan "Boğaziçi Ventures"in qiymətləndirməsinə əsaslanaraq Azərbaycanda informasiya texnologiyalarının inkişaf tempinin regionda vençur fondunun fəaliyyəti üçün əlverişli şərait yaratmasına dair ətraflı məlumat verib.
“Boğaziçi Ventures”in əsas hədəfi Azərbaycanın startap layihələrinə maliyyə dəstəyi göstərərək onların sürətli inkişafını və xarici bazarlara çıxışını təmin etməkdir. Son illər ərzində yerli startapların aktiv böyüməsi nəticəsində bölgəyə diqqətin cəlb olunması və vençur fondunun Azərbaycanda fəaliyyətə başlaması regionun ümumi iqtisadiyyatını gücləndirməklə yanaşı, ölkəmizin regionun texnoloji mərkəzinə çevrilməsində mühüm rol oynayacağı gözlənilir.
Açılış mərasimində agentliyin “Sponsorlar və tərəfdaşlar” guşəsinə Türkiyənin Azərbaycandakı səfirliyinin və “Boğaziçi Ventures” fondunun lövhələri əlavə olunub.
Qeyd edək ki, “Boğaziçi Ventures” texnologiya sahəsində olan istedadlı komandalara sahib startaplara dəstək olmaq, onların uğurlarını qlobal səviyyəyə daşımaq məqsədilə 2013-cü ildə yaradılıb. Hədəfi ənənəvi sərmayənin gücünü və təcrübəsini innovativ və istedadlı təşəbbüskarlarla birləşdirməklə qabaqcıl, unikal texnologiyalar ilə məşğul olan startapları dəstəkləməkdir. İnvestorlar müxtəlif növ texnologiya sektorlarına (blokçeyn, maşın öyrənməsi, süni intellekt, “fintech”, “biotech” və sair) uyğun investisiya strategiyasına və xüsusi idarə heyətinə sahib olan “Boğaziçi Ventures”in vasitəçiliyi ilə texnologiya şirkətləri arasında körpü yarada bilirlər.
Prezident İlham Əliyevin imzaladığı 2018-ci il 6 noyabr tarixli Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi formalaşdırılıb. Agentlik yerli sahibkarlara müasir texnologiyaların və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən, startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir.