“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” bu ilin ikinci rübündə gəlirini 22 faiz, xalis mənfəətini isə 73 faiz artırıb.
FED.az xəbər verir ki, "Meta" bu ilin ikinci rübü üçün balans hesabatını açıqlayıb. Hesabata əsasən, şirkətin bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 22% artaraq 39,1 milyard dollara çatıb. "Meta" ötən ilin eyni dövründə 31,9 milyard dollar gəlir əldə etmişdi. Xatırladaq ki, şirkətin gəliri ilə bağlı bazar gözləntiləri 38,3 milyard dollar idi, yəni gəlir gözləniləndən daha artıq olub.
"Meta"nın xalis mənfəəti bu ilin ikinci rübündə 73 faiz artaraq 13,5 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 7,8 milyard dollar mənfəət açıqlamışdı.
Şirkətin 2023-cü ilin ikinci rübündə 2,98 dollar olan səhm başına mənfəəti bu ilin eyni dövründə 5,16 dollara yüksəlib. "Meta"nın səhm üzrə qazancının 4,73 dollar olacağı gözlənilirdi.
Şirkət ilin üçüncü rübündə 38,5-41 milyard dollar arasında gəlir gözlədiyini bildirib.
Meta-nın baş icraçı direktoru Mark Zukerberq şirkətin maliyyə nəticələrini dəyərləndirərkən, "Bizim güclü rübümüz oldu və "Meta AI" ilin sonuna qədər dünyada ən çox istifadə edilən süni intellekt köməkçisi olmaq yolundadır" deyib