Dünyanın ən populyar xarici dil öyrənmə tətbiqi olan «Duolingo» şirkəti böyük gəlirlə işləməyə başlayıb.
FED.az Bloomberg-ə istinadən xəbər verir ki, «Duolingo» 2012-ci ildə bir elmlər doktoru tərəfindən yaradılan və oyunlarla ingilis dili öyrədən layihədən hazırda 500 əməkdaşı olan biznes şirkətə çevrilib.
Hazırda «Duolingo» səhmlərinin sahibləri arasında məşhur milyarder Bill Geyts və ABŞ şou biznes nümayindəsi Xloya Kardaşyan da var.
«TikTok» və «Netflix» kimi saytlara rəqib kimi baxan «Duolingo» proqramı indi gündəlik 15 milyon istifadəçiyə, 3,7 milyon ödənişli abunəçiyə malikdir. Onların sayı hər il 51% artmaqdadır.
Şirkətin gəlirləri də sürətlə artır və artıq məlumdur ki, 2022-ci ildə 45% artımla 365 milyon dolları keçəcək.
Şirkət indi oxu və riyaziyyat kimi fənlər və pullu onlayn ingilis dili imtahanı kimi xidmətlər vasitəsilə daha da genişlənir.
Qeyd edək ki, xüsusilə 49 dollarlıq pullu onlayn ingilis dili imtahanı şirkətə 25 milyon dollar qazandırıb, bu imtahanın nəticələri isə dünyada 4000-dən çox universitetdə qəbul edilir.